Azərbaycan QHT-ləri Adam Şiffə müraciət ediblər

 04-10-2024

ABŞ Konqresində Ermənistandakı revanşistlərə maliyyə yardımı ayrılması barədə təşəbbüsləri Azərbaycan vətəndaş cəmiyyəti təmsilçiləri hiddətlə qarşılayıblar.

AZƏRTAC xəbər verir ki, bir qrup Azərbaycan qeyri-hökumət təşkilatları (QHT) nümayəndəsi "2024-cü il Arsax gəlirlərinin bərpası haqqında Akt" adlı qanun layihəsinin müəllifi olan ABŞ konqresmeni Adam Şiffə açıq məktubla müraciət edib.

Müraciətin tam mətnini təqdim edirik:

"Biz, bu məktubla Azərbaycan vətəndaş cəmiyyəti təmsilçiləri və Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın əvvəllər işğal altında olmuş ərazilərində yerləşən öz evlərimizdən məcburi köçkün düşmüş əhali olaraq, "2024-cü il Artsax Gəlirlərinin Bərpası Aktı" təşəbbüsünüzü pisləyirik.

Tələsik hazırlanmış bu qanun layihəsi ayrı-seçkilik xarakteri daşıyır, birtərəfli və kontekstdən çıxarılmış məlumatlara söykənir ki, bu da bir qrup insanların acı taleyinə və iztirablarına tamamilə məhəl qoyulmaması və digər qrupa üstünlük verilməsi deməkdir. Biz başa düşürük ki, Azərbaycana qarşı ayrı-seçkilik etməyinizin əsas səbəbi etnik və dini simpatiyadır. Əgər bu təşəbbüs dəstəklənərsə, belə bir sənəd insan hüquqlarının və beynəlxalq hüququn pozulması olacaq və bu da qeyri-sabitliyə, insanların iztirab çəkməsinə və ABŞ-ın regional roluna xələl gətirəcək.

Bu baxımdan, seçilmiş nümayəndənin ictimai maraqlara xidmət etmək əvəzinə müəyyən bir lobbi ilə bağlı şəxsi maraqlar naminə belə bir təşəbbüs irəli sürdüyünü görmək utancvericidir. Bütün bunlar ABŞ-ın müdafiə etdiyi ümumbəşəri dəyərlərə və prinsiplərə xələl gətirir.

Biz, Ermənistanın həyata keçirdiyi qeyri-qanuni işğal və etnik təmizləmə nəticəsində həyatımızın çox hissəsini məcburi köçkünlük və məhrumiyyətlər içində keçirmiş insanlar kimi, geri qayıtmaq hüququnun çox əhəmiyyətli olduğunu və imperativ mahiyyətini dərk edirik. Bu hüquq etnik və dini mənsubiyyətindən asılı olmayaraq fundamental insan hüquqlarının bir hissəsi hesab edilir.

2023-cü ilin sentyabrında Azərbaycanın suverenliyi tam bərpa olunduqdan sonra Azərbaycanın Qarabağ bölgəsinə səfər edən BMT missiyası (komandası) bəyan edib ki, "onlar mülki ictimai infrastruktura, o cümlədən xəstəxanalara, məktəblərə və yaşayış binalarına, mədəni və dini infrastruktura heç bir ziyan qeydə almayıblar" və "onlar istər yerli əhalidən, istərsə də başqalarından sonuncu atəşkəsdən sonra mülki şəxslərə qarşı zorakılıq halları ilə bağlı hər hansı məlumata rast gəlməyiblər" (https://press.un.org/en/2023/db231002.doc.htm).

Erməni lobbi qruplarına istinad edərək, Ermənistan tərəfindən məcburi köçkün edilmiş azərbaycanlıların öz evlərinə qayıtmaq hüququna diskriminativ yanaşmanız əxlaqi dəyərlərin təhqir edilməsidir. 750 min azərbaycanlının etnik təmizləməyə, Xocalıda soyqırımına məruz qaldığı və 30 ildən artıq bir müddət ərzində onların geri qayıtmaq hüququndan məhrum edildiyi vaxtda siz tamamilə susdunuz. Ermənistanın yerləşdirdiyi minalar geri qayıtmaq hüququndan istifadə edən günahsız mülki insanları öldürməkdə və şikəst etməkdə davam etdiyi bir vaxtda siz yenə də susursunuz.

Biz Azərbaycan hökumətinə könüllü, təhlükəsiz və ləyaqətli şəkildə qayıtmaq hüququmuzdan istifadə etməyə zəmin yaratdığına, Ermənistanın qanunsuz işğalına son qoyduğuna görə minnətdarıq. Biz inanırıq ki, Azərbaycan hökumətinin işğaldan azad edilmiş ərazilərdə apardığı genişmiqyaslı bərpa və yenidənqurma işləri müharibənin qalıqlarını aradan qaldıracaq və Ermənistanın qanunsuz işğalı nəticəsində öz yurd-yuvasından didərgin düşmüş bütün insanların firavanlığını təmin edəcək.

Dəyişmək, əxlaqi cəhətdən güclü olmaq, ayrı-seçkiliyə yol verməyən, ədalətli mövqe sərgiləmək heç vaxt gec deyil. Anlayırıq ki, bu, cəsarət və mənəvi güc tələb edir. Ancaq siz şəxsi deyil, ABŞ-nin maraqlarını, Ermənistan və Azərbaycan xalqlarının uzun müddətdir ki, layiq olduğu sülh və rifahı daha üstün tutsanız, bu, tələsik, düşünülməmiş hazırlanan və ayrı-seçkilik xarakteri daşıyan qanun layihəsini ləğv edə bilərsiniz.

Əks halda, indiki yanaşmanız nəinki Ermənistanın və Azərbaycanın sadə vətəndaşlarına fayda verməyəcək, həmçinin mühüm əhəmiyyət kəsb edən regionda ABŞ-ın maraqlarına böyük zərbə vuracaq.

Hörmətlə:

Könül Behbudova - "Qarabağ İtkin Ailələri" İctimai Birliyi

Xatirə Vəliyeva - "Xankəndi" Məcburi Köçkünlərə Dəstək İctimai Birliyi

Əziz Ələkbərli - Qərbi Azərbaycan İcması

Hafiz Səfixanov - "Minalar Əleyhinə Azərbaycan Kampaniyası" İctimai Birliyi

Leyla Hüseynova - "Sosial Rifah" Qaçqın və Məcburi Köçkünlər İctimai Birliyi

Ceyran Əzizova - "Xocalı Soyqırımını Tanıtma" İctimai Birliyi

Vüqar Qədirov - "Qayıdış və Dirçəliş Naminə Gənclər Təşkilatı" İctimai Birliyi

Rey Kərimoğlu - "Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası" İctimai Birliyi

Ayşən Hüseynova - "Soyqırımı Həqiqətlərinin Tanıdılması" İctimai Birliyi

Zaur İbrahimli - "Prioritet" Sosial İqtisadi Araşdırmalar Mərkəzi" İctimai Birliyi

İradə Rzazadə - "Vətəndaşların Sosial Rifahı Naminə" İctimai Birliyi

Umud Mirzəyev - "Beynəlxalq Avrasiya Mətbuat Fondu".

Bənzər yazılar

0.05927586555481