“Sahil - S İnşaat” MTK son dövrlər ən çox şikayət edilən MTK-lar arasında adı hallanan tikinti şirkətidir. “Sahil - S İnşaat” MTK vətəndaşların mənzillərini vermir, pullarını qaytarmır, insanları əsir-yesir edib, özləri azadlıqda rahat gəzirlər.
Yeni Günəşlidə “Sahil - S İnşaat” MTK-nin yol verdiyi cdir. Çünki bu şirkət 200-ə yaxın ailəni aldadıb. Firmanın rəhbəri Taley Alaverdiyevlə şəriki Pənah Kərimov, o cümlədən onların yan-yörəsində dolaşan “makler” şəbəkəsi bu fırıldağın başında dayanırlar.
Nəticədə 200-ə yaxın ailə nağd və ya kreditlə aldığı mənzillərinə sahiblənə bilmir. Səbəb isə çox sadə dələduzluq faktıdır - bir mənzil müqavilələrlə bir neçə nəfərə satılıb. İndi nə ev, nə pul var, nə bina tikilib başa çatır.
Əvəzində isə Taley Alaverdiyevlə şəriki Pənah Kərimov, həmçinin “mafioz makler” dəstəsi heç bir məsuliyyət daşımadan, sanki belə də olmalıymış kimi, azad-arxayın gəzirlər.
Baxmayaraq ki, haqqı pozulan sakinlər dəfələrlə Prezident Adminstrasiyasına gedib, Baş Prokurorluğa müraciət edib, onlarla məktublar ünvanlayıb. Amma çi fayda?! Görünür, bir-iki fırıldaqçı dövlətin ali orqanlarına, qanunlarına üstün gəlməyi bacarır.
Belə çıxır ki, qanun şah deyil, şah Taley Alaverdiyevlə şəriki Pənah Kərimovdur. Əks təqdirdə onların qolun qandal vurub həbsə göndərməliydilər. Lakin nədənsə Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi istintaq hərəkətlərini donmuş formada saxlayıb.
Hərçənd Baş Prokurorluq nümayəndəsi Real TV-yə demişdi ki, “Sahil S İnşaat” MTK-nın rəhbər şəxsləri barəsində cinayət işi açılıb, iş nəzarətimizdədir, istintaqın nəticəsi açıqlanacaq. Amma nə istintaq başa çatır, nə şirkətin sahibləri sakinlərlə görüşə gəlib problemdən çıxış yolu göstərir, nə həmin binada inşa işləri aparılır.
Qeyd edək ki, həmin bina Yeni Günəşli qəsəbəsi, AB massivində yerləşir. 200-ə yaxın ailə “Sahil S İnşaat” MTK ilə müqavilə bağlayıb mənzillər alıb, kimisi ilkin ödəniş edib kredit verib, kimisi nağd alıb və bu qədər insan, onların ailələri, övladları sevinib ki, nəhayət, kirayə həyatı bitir, öz şəxsi evləri olacaq. Ancaq necə deyərlər, sən saydığını say, gör Taley Alaverdiyevlə şəriki Pənah Kərimov nə sayır...
Bu şəxslər vətəndaşların önünə çıxıb heç bir aydınlıq gətirmirlər. Sadəcə, ilk vaxtlarda söz veriblər ki, guya problemi yoluna qoyacaqlar. Amma bu da sakinlərin “başının altına yastıq qoymaq” məqsədi güdüb.
İndisə növbə prokurorluğundur. Axı bir tikinti şirkəti rəhbərinə qarşı niyə qəti, ciddi tədbirlər görülmür? Maraq nədən ibarətdir? Bu şəxsləri qoruyan kimlərdir, onları arxayın edən səbəblər nədir? İlk dəfə belə iradəsizlik və qətiyyətsizlik nümayiş etdirilir.
Hərgah, şirkətin hər iki vəzifəlisini həbsə göndərmək və məhkəmə qərarı ilə həbs qətiimkan tədbiri seçilməsinə nail olunmalıdır. Ölkədə bir fiziki şəxsə qarşı 100 manat dələduzluq, yaxud quldurluq etmiş cinayətkarı dərhal həbs edirlər, amma 200-dək ailə iki nəfərin əlində qalıb...
Mənbə Anaxeber.info