Mərhum müğənni, Xalq artisti Məmmədbağır Bağırzadənin Bakı kəndlərinin birində başına gəlmiş maraqlı hadisə uzun zaman sonra yenidən diqqət mərkəzinə gəlib.
Lent.az sözügedən əhvalatı dərc edib.
Belə ki, Məmmədbağır Bağırzadə Bakı kəndlərində toylara ən çox dəvət alan müğənnilərdən idi. Bir gün müğənni Maştağada toy aparırmış. O vaxtkı ənənələrə görə, kimsə gəlib müğənniyə şabaş verəndə, müğənni onun şərəfinə bir qəzəl deməli, tərif etməliymiş. Toyun qonaqlarından bir kişi yaxınlaşıb, mahnı sifariş verir, rəqs edir, hər kəs əl çalır. Sonra Məmmədbağır Bağırzadəyə yaxınlaşıb qəzəl sifariş edir. Məmmədbağır da toylarda hər zaman oxuduğu qəzəli oxuyur:
Bayquş ki, sevib dəhrdə viranəni hər an
İnsanə bu şənlik, belə toyxanə gərəkdir...
Elə bu bəndi deyər-deməz həmin adam rəqsi dayandırıb, cumur Məmmədbağırın üstünə:
- “Sənin dilini kəsərəm, sən kimnən danışdığını bilirsən?”
Məclis adamları onu qucaqlayıb mağardan çölə çıxarırlar. Mağardan çöldə dava gedir, hamı dava salanı döysə də, o da müğənnini öldürməklə hədələyir. Nə isə, onu bir təhər sakitləşdirib yola salırlar. Bir nəfər Məmmədbağıra yaxınlaşıb soruşur ki, sən niyə belə elədin, niyə ona sataşdın? Müğənni də təəccüblənir:
- Axı mən nə elədim, qəzəl istədi, qəzəl dedim də.
- Ay kişi, deməyə qəzəl tapmadın? Bu adamı hər kəs “Bayquş” deyə çağırır, o isə bundan çox qəzəblənir. Sənin bu cür oxumağındən bərk inciyib. Elə bilib, qəsdən sataşırsan, kimsə öyrədib səni.