Brejnevin ağladığı hadisə ilə bağlı ŞOK FAKTLAR

 16-08-2024

İstənilən ölkədə kütləvi tədbirlərin keçirilməsi, izdihamların yaranma ehtimalı rəsmiləri narahat edib. Məhz belə hadisələrdə ölkə rəhbərliyi, rəsmi qurumlar təhlükəsizlik məsələlərinə daha ciddi yanaşaraq bütün mümkün tədbirləri həyata keçiriblər.

Sovet dövründə kütləvi insan toplantıları daha çox 1 may, 7 noyabr nümayişlərində, idman tədbirlərində, birinci şəxslərin, dövlət və hərbi xadimlərin dəfn mərasimində müşahidə edilib. Bu tədbirlər Moskvanın baş meydanında – Qırmızı meydanda keçirilib. Rəsmilər izdihamın daha çox böyüməsinin qarşısını almaq və heç bir insidentin baş verməməsi üçün meydana girişə məhdudiyyətlər tətbiq ediblər. Tədbirdə iştirak edənlərə xüsusi buraxılış vərəqəsi verilib.

Kütləvi insan toplantısı və insidentin yaranma ehtimalı olan tədbirlərdən biri də 1968-ci ilin avqust ayında marşal Konstantin Rokossovskinin dəfn mərasimində baş verib.

Qeyd edək ki, Konstantin Rokossovski xalq arasında böyük nüfuza sahib olub. O, SSRİ tarixində yeganə şəxs olub ki, iki ölkənin, SSRİ-nin və Polşanın marşalı rütbəsini daşıyıb. Hər iki rütbəni də üç illik həbsxana həyatından sonra alıb. Əfsanəvi marşalı görkəmli sərkərdə kimi bütün dünya tanıyıb. Ən əsası isə Konstantin Rokossovski İosif Stalinin ən sevimli qəhrəmanı olub.

Rokossovski xidmətdən uzaqlaşdırıldıqdan sonra da öz nüfuzunu itirməyib. Marşalı SSRİ müdafiə nazirinin müavini vəzifəsindən Nikita Xruşov kənarlaşdırıb. Xruşov hakimiyyətdə olarkən Rokossovskiyə Stalinin əleyhinə mətbuatda çıxış etməyi təklif edəndə marşal “Stalin mənim üçün müqəddəsdir” deyərək təklifi qəti şəkildə rədd edib. Bu hadisədən sonra Xruşov Rokossovskini nazir müavini vəzifəsindən kənarlaşdırıb.

Rokossovski 3 avqust 1968-ci ildə, 71 yaşında vəfat edib. Marşalın dəfni ilə bağlı Müdafiə Nazirliyində xüsusi komissiya yaradılıb.

Bu rəsmiyyətdən əlavə, Leonid Brejnev müdafiə naziri marşal Andrey Qreçkoya şifahi göstəriş verib:

“Rokossovskinin dəfni yüksək səviyyədə keçirilməlidir, dəfn mərasiminə şəxsən özünüz rəhbərlik edin...”

Marşalla vida görüşü Frunze adına Sovet Ordusunun Mərkəzi Evində keçirilib. Rokossovskinin tabutu önündə Leonid Brejnev, Aleksey Kosıgin, Mixail Suslov, Nikolay Podqornı və Siyasi Büronun digər üzvləri, marşal və generallar fəxri qarovulda dayanıblar. Mərasim daha sonra Qırmızı meydanda davam edib.

Mitinqdən sonra marşalın yandırılmış nəşinin külü Kreml divarlarına yerləşdirilib. Mitinq zamanı “QUM” (dövlət universal mağazası) tərəfindən meydana kütləvi axın başlayıb.

Qeyd edək ki, dəfn mərasimində iştirak edənlərə xüsusi buraxılış vərəqələri verilib. Bu vərəqələri olmayanlar isə meydana keçməyə, marşalı son mənzilə yola salmağa can atıblar. Bu mənzərə rəsmilərin diqqətindən yayınmayıb. O cümlədən Brejnevin də.

Baş katib təhlükəsizlik qaydalarını nəzərə almadan yanında dayanan müdafiə naziri Qreçkoya irad bildirib:

  • Andrey Antonoviç, xalq öz qəhrəmanını son mənzilə yola salmaq istəyir. Buna şərait yaratmaq lazımdır. İnsanların təbii istəkləri nəzərə alınmalıdır, belə məsələlərdə qadağalar, məhdudiyyət tətbiq etmək yolverilməzdir.

Baş katibin bu iradından sonra Qırmızı meydanı əhatə edən maneələr götürülüb. Hərbçilərin və milislərin tənzimlənməsi ilə Moskva sakinləri meydana buraxılıb. Bu, SSRİ tarixində yeganə hadisə olub ki, təhlükəsizlik qaydaları tam pozulub.

Həmin hadisəni marşalın onun adını daşıyan nəvəsi Konstantin Rokossovski belə xatırlayıb:

“Babamın dəfn mərasimi yüksək səviyyədə təşkil edilmişdi. Bunun bir səbəbi onun xalq arasındakı böyük nüfuzu idisə, digər səbəbi Leonid Brejnevin ona olan böyük hörməti idi. Brejnev babama xüsusi hörmətlə yanaşırdı. Qırmızı meydanda Brejnevin göstərişi ilə bütün maneələr götürüldü, minlərlə insan babama öz son ehtiram borclarını verdilər. Xoşbəxtlikdən heç bir xoşagəlməz hadisə baş vermədi. Vida görüşündə Brejnev ağlayırdı və bu göz yaşları tam səmimi idi. Səhərisi gün baş katib evimizə də zəng etdi, anamla danışdı, hər hansı bir problemin yaranacağı halda birbaşa onun özünə müraciət etməyi söylədi. Öz köməkçisinin nömrəsini də verdi. Babama olan bu münasibət ailəmiz üçün qürurverici idi...”

Digər marşal və hərbi vəzifəlilərdən marşal Rokossovski həm xalq, həm də rəsmilər arasında böyük nüfuza malik olması ilə fərqlənib.

Rokossovskinin milliyyətcə rus olmaması da onun imicinə xələl gətirməyib. Ruslar müharibədə böyük xidmətləri olan, qələbənin təmin olunmasında əvəzsiz rol oynayan polşalı marşalın adını SSRİ-nin müharibə və hərb tarixinə qızıl hərflərlə yazıblar.

Musavat.com

Bənzər yazılar

0.063377857208252