HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyəyə qarşı sui-qəsdinin səbəb olacağı nəticələr və Yaxın Şərqdə yaranacaq yeni vəziyyət qədər bunun hansı sormada və məhz paytaxtda təşkili geniş müzakirələrə yol açıb.
Ölkə.Az xəbər verir ki, türkiyəli jurnalist, Melik Yiğitel Haniyəyə qarşı təşkil edilmiş sui-qəsdlə bağlı çox sayda sualların ortaya çıxdığını yazıb.
Həmin sualları 5 kateqoriyaya bölən jurnalist hesab edir ki, cavablar bir sıra qaranlıq məqamları aydınlada bilər:
1. İsmayıl Haniyə İranın qəlbi Tehranda İran kəşfiyyatı tərəfindən qorunan xüsusi bir obyektdə necə raketlə vurulub? İranda təhlükəsizliklə bağlı boşluqlar var, yoxsa İran daxilindən hansısa dəstək verilib? Çünki İsrail daxili kəşfiyyatı "Şin-Bet"in şefi Ronen Bar 2023-cü ilin 2 dekabrında sızan səsyazısında HƏMAS liderlərini yox edəcəklərini açıq şəkildə deyib. Bu cür hədəfdə olan bir ad nə üçün İran tərəfindən sui-qəsdə açıq bir yerə aparılıb və qoruna bilməyib?
2. Raket hücumu necə baş tutub? İsmayıl Haniyəni öldürən raketin üçüncü bir ölkədən atıldığı ehtimalı səsləndirilir. Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik də açıqlamasında hücumun qonşu ölkələrdən birindən edilmə ehtimalını səsləndirib. Amma üçüncü ölkənin hansı olması müzakirə məsələsidir. Bu ölkə hər ikisində də ABŞ qüvvələrinin olduğu İraqdır, yoxsa Suriya?
3. İsrail hərbi təyyarəsi və ya dronu İsraildən havalanıb İordaniya və ya Suriyanı keçərək İraq səmalarından hücum edib? Hücumun İraq hava məkanından edildiyi üzə çıxsa, bu, hərbi təyyarə və ya PUA-nın ən azı 450 km məsafədən Tehranı vurduğu mənasına gələ bilər.
4. Sui-qəsd üçün nə üçün İran seçilib? Haniyənin İranda yeni Prezident Məsud Pezeşkianın andiçmə mərasimə qatılacağı 5 gün əvvəl məlum olub. Belə bir sui-qəsd üçün zaman olduqca məhduddur və xəta ehtimalı da çox yüksəkdir. Bu hücum ancaq dəqiq kəşfiyyat sayəsində baş verə bilərdi. Haniyənin qaldığı binanın ünvanını İsrail niyə bilirdi?
5. Sui-qəsd üçün xüsusilə İranın seçilməsi Pezeşkiana da bir mesaj idi? Çünki Pezeşkiyan yeni bir dövr başladacağını açıqlamışdı. Bu yeni mərhələdə prezidentə İranın potensialının çox da şişirdilməməsi mesajını vermək istəyə bilərlərmi?
Billurə Yunus