Qarabağ Universitetinin rektoru Şahin Bayramovun müvafiq əmri ilə tarzən Arslan Növrəsli İncəsənət fakültəsinin İnstrumental ifaçılıq və musiqi müəllimliyi kafedrasına müdir təyin olunub.
Arslan Növrəsli tar aləti ifaçılığı tarixində ilk dəfə olaraq harmonik jazz standartları tətbiq edərək alətin ifa imkanlarını daha da genişləndirmiş tarzəndir. O, Azərbaycan Milli Konservatoriyasının Xalq çalğı alətləri kafedrasının bakalavr və magistr pillələrini tar ixtisası üzrə bitirmişdir.
Mütəmadi olaraq maraqlı layihələrlə dünyanın bir çox ölkələrində çıxışlar edir -2010, 2014-cü illərdə Londonda I və II "Buta" İncəsənət Festivalı çərçivəsində "Azərbaycan Mədəniyyətinin 100 günlüyü" ilə bağlı silsilə çıxışlar "Soçi −2014", "Bakı −2015" Olimpiadaları, "Bakı-2015 Avropa Oyunları", 2017 İslam Həmrəyliyi Oyunları, Şəki "İpək yolu" VII Beynəlxalq musiqi festivalı, 2017-ci ildə keçirilən "Astana-Arkau" Türk Ənənəvi Musiqisinin Beynəlxalq Festivalı, XII Qəbələ Musiqi Festivalı və s. çərçivəsində çıxışlar etmişdir.
Böyük solo layihələrindən 2011-ci ildə Q. Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri ilə Bakı Muğam Mərkəzində Azərbaycan -İsveçrə forumu çərçivəsində "Tar project ", 2012-ci ildə M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında - "Tar with Arslan Novrasli" , Bakı Jazz Festivalı 2014-də "The first time in jazz ", Londonun Central Hall Westminster adlı zalında solo - "Discovering the tar with Arslan Novrasli" , 2015-ci ildə IV Beynəlxalq Muğam Festivalı çərçivəsində, Bakı Jazz Mərkəzində jazz qrupu ilə birgə solo konserti, 2016-cı ildə Ukraynanın bir sıra şəhərlərində keçirilən "Solo tar -Arslan Növrəsli ilə" konsertlər silsiləsi, 2018-ci ildə İstanbulda "Azərbaycan musiqi festivalı" çərçivəsində "Sən də Azərbaycanı gör" şüarı altında keçirilən xeyriyyə məqsədli ethno -jazz repertuarlı solo konserti, 2018 və 2019-cu illərdə Cenevrədə Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) baş qərargahında Azərbaycan Xalq Cümhuriyyətinin 100 və 101 illiyi münasibətilə Ethno Jazz Band`lə solo konsertləri, XII Qəbələ musiqi Festivalındakı çıxışı, 2022-ci ildə "Expo 2022 Dubai" sərgisinin Azərbaycan pavilionunda solo konserti, Vaşinqtonda, The Kennedy Center`də "The Voice of Orchid" adlı xeyriyyə konsertini, V Xarıbülbül Festivalı çərçiəsində Cıdır düzündə keçirilən ethno jazz band`i ilə solo layihəni, 2022-ci ildə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi ilə Macarıstanda 27 xalqın 170000 nümayəndəsinin iştirakı ilə keçirilən VII Hun -Türk Festivalında çıxışı göstərmək lazımdır. Arslan Növrəsli Mədəniyyət Nazirliyinin təşkilatçılığı, "Cultural Network House" Assosiasiyasının və Türkiyə-Azərbaycan Dostluq Əməkdaşlıq və Həmrəylik Vəqfinin (TADİV) birgə əməkdaşlığı ilə sənətçi dostlarla Türkiyə universitetləri arasında mədəniyyət mübadiləsi layihəsində iştirak etmişdir.
2013-cü ildə təqdim etdiyi "Milli musiqimiz gənclərin təqdimatında" adlı layihəyə görə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondundan Grand qazanmışdır.
Azərbaycan bəstəkarlarının əsərlərinin tar aləti üçün çoxsaylı işlənmələrini etmiş tarzənin 8 əsərdən ibarət "Pyeslər məcmuəsi" 2016-cı ildə çapdan çıxmışdır.
Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə qərarı əsasında 2017-ci ildən etibarən Ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş ali, orta ixtisas, peşə təhsili müəssisələrinin tələbələri arasında bədii yaradıcılıq festivalının münsiflər heyətinin üzvüdür, eyni zamanda Elm və Təhsil, Mədəniyyət nazirlikləri, Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən I Uşaq İncəsənət Festivalının münsiflər heyətinə daxil edilmişdir.
O, bu təyinata qədər müxtəlif illərdə Azərbaycan Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Orkestrinin solisti, Azərbaycan Milli Konservatoriyasının baş müəllimi, Respublika Uşaq Gənclər İncəsənət Mərkəzinin baş mütəxəssisi, H.Əliyev adına Müasir Təhsil Kompleksi və AMK nəzdində İncəsənət Gimnaziyasının müəllimi olaraq fəaliyyət göstərmişdir.