Naxçıvan TV ilə bağlı Baş Prokurorluğa müraciət

 31-07-2024

Hesablama Palatası “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” QSC bağlı Baş Prokurorluğa müraciət edəcək.

Bu barədə Palataya istinadən xəbər verir.

Məlumata görə, qurumda növbəti Kollegiya iclası keçirilib. İclasda ilk öncə “Qida Təhlükəsizliyi Agentliyinin və onun tabeli qurumlarının fəaliyyətlərinin qənaətliliyinin, səmərəliliyinin və nəticəliliyinin qiymətləndirilməsi”nə dair kənar dövlət maliyyə nəzarəti tədbirinin nəticələri haqqında Auditor hesabatı” müzakirə edilib. Müzakirədə Agentliyin sədr müavini Əziz Şərifov və aparat rəhbəri Elxan Mikayılov da iştirak ediblər. Onlar auditin nəticələrinin fəaliyyətin təkmilləşdirilməsinə xidmət edəcəyini, Palatanın tövsiyələrinin nəzərə alınacağını qeyd ediblər. Müzakirələrin nəticəsində auditor hesabatının təsdiq olunmasına dair qərar qəbul olunub.

Daha sonra “Naxçıvan TV tərəfindən dövlət vəsaitinin, dövlət əmlakının və büdcədənkənar daxilolmaların istifadəsinin auditinə dair auditor hesabatı” müzakirə olunub. Müzakirələrin nəticəsinə əsasən auditor hesabatının təsdiq olunmasına, aşkar edilmiş nöqsanların aradan qaldırılması məqsədilə zəruri işlərin görülməsinə, habelə audit sübutları ilə dövlət vəsaitindən və dövlət əmlakından istifadədə aşkar edilmiş çoxsaylı hüquq pozmalarda cinayət tərkibi əlamətlərinin ehtimal olunması nəzərə alınmaqla müvafiq materialların Baş Prokurorluğa göndərilməsinə dair qərar qəbul olunub.

“Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” QSC tərəfindən dövlət vəsaitinin, dövlət əmlakının və büdcədənkənar daxilolmaların istifadəsinin auditinə dair auditor hesabatı”nın müzakirəsi barədə Hesablama Palatasının açıqlamasının bir sıra saytlarda və sosial şəbəkələrdə təhrif edilmiş, dəqiqləşdirilməmiş formada təqdim edilməsi təəssüf doğurur.

Bu barədə "Report"un yerli bürosuna səhmdar cəmiyyətindən bildirilib.

"Palatanın açıqalamasından göründüyü kimi, auditor hesabatında dövlət vəsaitinin mənimsənilməsindən söhbət getmir. Konkret deyilir ki, aşkarlanmış nöqsanların aradan qaldırılması məqsədilə zəruri işlərin görülməsi əsas tələbdir.

Bildiririk ki, normativ-hüquqi aktlardakı uyğunsuzluqlar, bir sıra hallarda mükafat və məzuniyyət haqlarının əməkdaşlara ödənilməsində, istismar müddəti başa çatmış yayım və çəkiliş avadanlıqlarının, balansda olan aktivlərin invertarizasiyası, amortizasiyası barədə ilkin sənədlərin tərtibində əməkdaşların yol verdiyi nöqsanlar cinayət tərkibi əlamətlərini ehtimal etdiyindən Hesablama Palatası səlahiyyətləri çərçivəsində müvafiq materialların Baş Prokurorluğa göndərilməsinə dair qərar qəbul edib.

Bu da təbii hüquqi prosedurdur. Palatanın bu ehtimalının mənimsəmə kimi təqdim edilməsi qətiyyən yolverilməzdir və qeyri-peşəkarlıq əlamətidir. Naxçıvan TV ölkəmizin ən mühüm, qədim mədəniyyət ocaqlarından biridir və cəmiyyətin güzgüsü olan bu media qurumunda şəffaflıq əsas prioritetdir", - deyə məlumatda qeyd olunub.

 

Bənzər yazılar

0.10768985748291