Rəis müavininin adı keçən sifarişli qətl işi üzrə məhkəmə qərarı açıqlandı

 31-07-2024

Bakı Apellyasiya Məhkəməsində 12 il əvvəl 37 yaşlı iş adamını sifarişlə qətlə yetirməkdə təqsirləndirilən Əhəd Salahovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Fərid Əyyubovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib.  

Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 14 il müddətinə azadlıqdan məhrum edilib.

İttiham ondan ibarətdir ki, 37 yaşlı İlkin Qurbanov, 2011-ci ildə Xətai rayonu, NZS qəsəbəsi ərazisində yerləşən yaşayış binasının blokunda qətlə yetirilib. Cinayəti törətmiş şəxsi (şəxsləri) müəyyən etmək mümkün olmadığından iş üzrə icraat dayandırılıb. 12 il sonra istintaq yenilənib, 38 yaşlı Əhəd Salahov İlkin Qurbanovu sifarişlə öldürməkdə şübhəli bilinərək həbs olunub. Məlum olub ki, təqsirləndirilən şəxsə qətl sifarişi verdiyi iddia olunan Firudin Məmmədov həmin hadisədən 4 gün sonra avtomobildə sol dirsək oynağını iti kəsici alətlə kəsərək intihar edib.

Ən maraqlı məqamlardan biri də qətlin sifarişçisi olduğu iddia olunan F.Məmmədovun hadisədən sonra müəmmalı intiharıdır. İttiham olunan şəxs özünü təqsirli bilmir, həmçinin qətlin sifarişçisinin F.Məmmədov olmadığını düşünür.

Digər əsas məqamlardan biri isə qətlə yetirilən İ.Qurbanovun İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Rüstəm Şahbazovla işgüzar münasibətinin olmasıdır. İddia olunur ki, R.Şahbazov tabeliyində olan zavodu zərərçəkmişin adına keçirib. Sonradan onların arasında münasibət korlanıb. İ.Qurbanov qətlə yetirilən günün axşamı isə onun ölümünü sifariş verdiyi iddia olunan F.Məmmədovla aralarında 17 dəfə telefon danışığı olub.

Sözügedən məsələlərlə bağlı Rüstəm Şahbazov iş üzrə təqsirləndirilən şəxsin vəkilinin vəsatəti əsasında məhkəməyə çağırılıb. Sədr müavini ifadəsində irəli sürülən iddiaları rədd edib.

Qeyd: Rüstəm Şahbazov 2009-cu ildən hazırkı vaxta qədər eyni vəzifədə çalışır.

Bənzər yazılar

0.2549741268158