Məktəbin orta statistik məzunu təhsil proqramının 44-73%-ni mənimsəmir - Problemin kökü nədir?

 28-07-2024

"Azərbaycanda orta statistik abituriyent fənlər üzrə təhsil proqramının yalnız 27-56 faizini mənimsəyir". "Abituriyent" jurnalının 12-ci nömrəsində qeyd edilən bu fakt ali təhsil müəssisələrinə imtahan vermiş abituriyentlərin orta statistik portretini müəyyənləşdirib. "Test tapşırıqlarının təhsil proqramı çərçivəsində hazırlandığını və bu çərçivədən kənara çıxmadığını, qəbul imtahanında iştirak edənlərin məktəbin seçilən şagirdləri olduğunu nəzərə alsaq, belə qənaətə gəlmək olar ki, orta statistik məzun təhsil proqramının 44-73%-ni mənimsəmir", - deyə jurnalda qeyd edilib.

Fənlər üzrə məzmunun şagirdlər tərəfindən mənimsənilməsinə hansı faktorlar təsir edə bilər? Ekspertlər problemin kökünün dərin olduğunu deyirlər.

"Kaspi" qəzetinin mövzu ilə bağlı məqaləsini təqdim edirik:

Pedaqoji heyətin düzgün seçimi

Təhsil eksperti Elçin Əfəndi hesab edir ki, problem təhsilverənlərin mütəmadi olaraq şagirdlərdən verilən tapşırıqları tələb etməməsi və yoxlamamasından qaynaqlanır:

"Təəssüf ki, bizim təhsil müəssisələrində şagirdlərə "2" qiymət yazılsa belə, onlara attestat verilir. "Təhsil haqqında" qanunda nəzərdə tutulur ki, şagird xarici dildən, informatikadan "2" alsa belə, sinifdən-sinfə keçə bilər. Halbuki bu fənlər bizim üçün prioritetdir. Hazırda qəbul imtahanlarında xarici dil bütün ixtisas qruplarında, informatika isə birinci ixtisas qrupunda istifadə olunur.

Əlbəttə, proqramın mənimsədilməsi təhsil müəssisəsinin ixtiyarında olan prosesdir. Nazirlik proqramı hər sinfin özünə görə təqdim edir. DİM isə imtahanı bütün illik materiallar üzrə götürür. Şagird V-dən XI sinfə qədər Azərbaycan dili, riyaziyyat, tarix üzrə hər bir fəndən imtahan verir. Yekunda DİM imtahan götürdüyü zaman hazırlıqsız abituriyentin mənimsəmə faizi elə də yüksək olmur. Hazırlıqlı abituriyentlər bütün materialı öyrəndiyi halda da proqramı 80-90 faiz mənimsəyə bilirlər. Təhsil müəssisələrində artıq müasir tədris metodlarından istifadə olunur. Amma bu, bütün tədris müəssisələrində istədiyimiz səviyyədə deyil. Çünki elə təhsil müəssisələri var ki, orada texnoloji avadanlıqlar o qədər də əlçatan deyil".

Ekspertin fikrincə, hazırda təhsil müəssisələrində çalışan müəllimlərin bilikləri də ideal vəziyyətdə deyil. Onlar interaktiv üsulla tədris apara bilmirlər: "Yüksək nəticənin əldə olunması üçün ilk növbədə pedaqoji heyətin düzgün seçimi aparılmalıdır".

Ekspertin fikrincə, bu tədris ilindən pilot layihə kimi tətbiq olunacaq "adambaşı maliyyələşmə" mexanizmi məktəblər arasında rəqabəti gücləndirəcək: "Təhsil müəssisəsi yüksək keyfiyyətli təhsil verməyə çalışacaq ki, şagird onu tərk etməsin. Biz çalışmalıyıq ki, X-XI siniflərdə şagirdlər DİM-in proqramına uyğun təhsil alsınlar. Düzdür, nazirlik bunu bir neçə ildir "təkmilləşmə proqramı" adı altında pilot layihə olaraq tətbiq edir. Amma hələ ki effektini bir o qədər də görə bilmirik. Beynəlxalq təcrübədə şagird təhsil müəssisəsində 2 ilin proqramını mənimsəyib daha uğurlu ola bilər, nəinki 6-7 ilin materialını öyrənməklə. Bunu bizdə də tətbiq etmək mümkün olsa, düşünürəm ki, mənimsəmə ilə bağlı faiz nisbətini də yüksəltmək olar".

Şagirdlərin yalnız repetitorlara güvənməsi

Təhsil məsələləri üzrə ekspert Vaqif Fətullayevin fikrincə, fənlər üzrə məzmunun şagirdlər tərəfindən aşağı səviyyədə mənimsənilməsində dövlətin tələb etdiyi standartların təlim məqsədlərində əks etdirilməməsi, yuxarı siniflərdə şagird və valideynlərin dərslərə etinasız yanaşması kimi məsələləri göstərmək olar. Ekspert qeyd edir ki, hər bir şagirdin öyrənmə metodu fərqlidir:

"Müəllimlərin dərs planlaşdırarkən bu müxtəlifliyi nəzərə almamaları şagirdlərin akademik göstəricilərinə mənfi təsir göstərə bilər. Müxtəlif öyrənmə üsullarının nəzərə alınmaması şagirdlərin motivasiyasının və dərsə olan marağının azalmasına da gətirib çıxarır. Belə olanda ancaq müəyyən bir şagird qrupu dərsi mənimsəyir, digərləri isə prosesdən kənarda qalır. Digər tərəfdən, dövlətin təhsil standartları təhsil proqramında (kurikulum) əksini tapan minimum bilik və bacarıqların təmin edilməsinə yönəlir.

Bu standartlar şagirdlərin hərtərəfli inkişafını təmin etmək üçün əhəmiyyətlidir. Müəllimlər təlim məqsədlərində bu standartları nəzərə almadıqda, şagirdlərin də bu əsas bilik və bacarıqları mənimsəyə bilməməsi riski yaranır. Təbii ki, belə olduqda abituriyentlər dövlət imtahanlarında və ya gələcək akademik həyatda çətinliklərlə qarşılaşırlar".

Ekspert hesab edir ki, şagirdlərin yalnız repetitorlara güvənməsi də tədrisin məzmununu tam mənimsəməyə mane olur: "Bəzi müəllimlər yuxarı siniflərdə şagirdləri repetitorların imtahanlara hazırlayacağını düşünərək, öz dərslərinə lazımi diqqət yetirmirlər. Bu yanaşma məktəb təhsilinin dəyərini azaldır və şagirdlərin yalnız repetitorlara güvənməsinə səbəb olur. Eyni zamanda, bu, məktəb dərslərinin keyfiyyətini aşağı salır və bərabər təhsil imkanlarını məhdudlaşdırır".

Ekspertin fikrincə, hər bir şagirdin öyrənmə tərzinə uyğun fərdi tədris planları hazırlamaq, müəllimlər üçün dövlət təhsil standartları və onların tətbiqi haqqında davamlı metodiki təlimlər və seminarlar təşkil etmək, metodik nəzarəti artırmaq olduqca vacibdir: "Sertifikatlaşdırma prosesindən sonra öz fənnini bilməyən müəllimlərin daha potensiallı müəllimlərlə əvəz olunması, MİQ vasitəsilə yeni müəllimlərin məktəblərə gəlməsi bu prosesə müsbət təsirini göstərəcək".

Bənzər yazılar

0.23666501045227