Əlbəttə ki, boşanan ailənin uşağı olmaq o qədər də asan deyil.
Ona görə də, istər ata, istərsə də ana bu məsələdə nə qədər həssas davransalar, boşanmanın uşağa göstərəcəyi mənfi təsir də o qədər az olar. Ancaq bütün hallarda bu mənfi təsiri sıfıra endirmək də mümkün deyil. Çünki ata da, ana da ailədə uşaq üçün iki təməl daşıdır.
Uşaq özünü bu təməl daşlarının üzərində görür və ona görə də, özünü həmişə güclü hiss edir. Ancaq bu təməl daşlarının bir-birindən ayrılması uşaqda izahı mümkün olmayan hisslərə səbəb olur. Əgər bu dövrdə uşağın nə hiss etdiyini düzgün müəyyən etsəniz, ona yanaşma tərzinizi də düzgün müəyyən edə bilərsiniz. Nəticədə, boşanmanın uşaqda meydana gətirəcəyi mənfi təsiri də minimuma endirmiş olarsınız.
Elə isə ata-anası ayrılan uşaq nə hiss edir?
1. İlk növbədə, belə uşaq özünü boşluqda hiss edir və vəziyyəti izah etməkdə çətinlik çəkir.
2. Uşaqda daxili gərginlik başlayır və bu gərginlik özünü aqressivliklə büruzə verir.
3. Günahkar axtarmağa başlayır. Ona görə bu günahkar ya atası, ya anası, ya da özüdür.
4. Ətrafına və özünə olan inamı azalır və uşaqda tədricən insanlara qarşı antipatiya başlayır.
5. Belə uşaqlatda gələcək qayğısının olması da təbiidir (məsələn, "İndi mən necə olacağam?", "Kiminlə yaşayacağam?" "Atamı və ya anamı görə biləcəyəmmi?" kimi).
6. Belə uşaqların ən çox hiss etdikləri şeylərdən biri də tənhalıqdır.
7. Belə uşaqlar daha çox pessimist olurlar və ətraflarında baş verən hadisələr də (əlbəttə ki, müsbət mənada) onları vəziyyətdən çıxarmaq üçün kifayət etmir.
8. Mütəmadi olaraq, ata-anasının bir yerdə olmasına çalışır.
9. Ailəsi boşanan uşaq bunu ətrafındakılarla bölüşmək istəmir və buna görə də, çox vaxt yalana əl atır.
10. Belə uşaqlarda boşanmanın utancaqlıq hissinə səbəb olması da təbiidir (xüsusilə də, yetkinlik dövründə olan uşaqlarda).
Aygün Vəliyeva