DİM sədri ekspertləri yıxıb-sürüdü: "Məşhurlaşmaq üçün belə çıxışlar edirlər"

 23-05-2025

"Təhsil ekspertləri ali təhsil müəssisələrinə qəbul imtahanlarının qiymətləndirmə prosesində iştirak edə bilərlər".

MillətinSəsi.İnfo-nun məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə bu gün keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, bu prosesdə minlərlə müəllim iştirak edir:

"Hər sualı 2 ekspert yoxlayır. 1 yazı işini 20 nəfər yoxlayır. 2 müəllimin qiyməti üst-üstə düşməyəndə yenidən yoxlanılır. Bu proses çox mürəkkəbdir. Biz bu proseslərlə bağlı mediatur edəndə cəmi 2 ekspert gəlmişdi. Digərləri "Facebook"da tənqidi status yazmaqla məşğuldurlar.

Gələn ildən əsaslı olmayan şikayətlərə baxılmayacaq. Çünki bizim resursumuz gedir. Gələn ildən proses sərtləşdiriləcək. Həmin ekspertlər vicdanlı olmalıdırlar. Mən bilmirəm ki, onlara ekspert adını kim verib? Onlar haranı bitirib, beynəlxalq layihədə iştirak edibmi? Müəyyən qruplar var ki, məşhurlaşmaq üçün belə çıxışlar edirlər".

Məleykə Abbaszadə onu da deyib ki, Dövlət İmtahanı Mərkəzində yazı işlərinin yoxlanılmasında süni intellektə aid olan elementlər tətbiq edilib.

O bildirib ki, bu proqramla 2 milyon 700 min yazı işi yoxlanılıb: "O nəticələr süni intellekt proqramı ilə yoxlanılıb. Müəyyən ölkələrdən gəlib bizdən təcrübə öyrənmək istəyirlər".

M.Abbaszadə bildirib ki, 9-cu sinfin yazı işləri yoxlananda həmin proqram təminatından istifadə olunub:

"Bu prosesdə müəyyən yanlışlıq ola bilər. Ona görə də yazılar həm proqram tərəfindən, həm də paralel olaraq ekspertlər tərəfindən yoxlanılır. Bu həftəsonu keçiriləcək II və III ixtisas qrupları üzrə qəbul imtahanlarında 54 246, iyunun 1-də keçiriləcək I və IV ixtisas qrupları üzrə imtahanlarda isə 37 692 abituriyentin iştirakı nəzərdə tutulur. Bu mərhələdə də ötən illə müqayisədə təqribən 7 min çox imtahan iştirakçısı var".

O, imtahan keçirilən şəhər və rayonlara toxunan sədr onların sayının daim artırılmasına diqqət yetirildiyini qeyd edib:

"2012-ci ildən etibarən keçirilən buraxılış imtahanları bütün şəhər və rayonlarda təşkil olunur. Qəbul imtahanları isə lap əvvəllər Bakı və Naxçıvanda, daha sonra DİM-in regional bölmələrinin yerləşdiyi digər böyük şəhərlərdə, hazırda isə respublikamızın 24 şəhər və rayonunda keçirilir. Sevindirici haldır ki, Dövlət İmtahan Mərkəzi artıq Xankəndi şəhərində də qəbul imtahanları keçirəcək.

Bu, işğaldan azad edilmiş bölgələrdə keçirilən ilk qəbul imtahanıdır. Artıq işğaldan azad olunmuş bölgələrdə yaşayan abituriyentlər öz doğma torpaqlarında imtahan verirlər. Bu il ali təhsil müəssisələrinə qəbul olmaq üçün qeydiyyatdan keçən abituriyentlərin sayı 130 mindən artıqdır".

O bildirib ki, ötən illə müqayisədə ərizələrin sayında təqribən 12 min artım var:

"Bu, ilk növbədə 2025-ci ildə məzun olan abituriyentlərin sayının çoxluğu ilə bağlıdır. Bu il buraxılış imtahanlarında 116 mindən çox şagird iştirak edib. 2024-cü ildə ali təhsil müəssisələrinə ərizə qəbulunun sayı 118 503, 2025-ci ildə isə 130 641 olub. Ötən illə müqayisədə 12 138 ərizə çox qəbul olunub. Ötən il buraxılış imtahanlarında iştirak edənlərin sayı 107 586, bu il isə 119 296 nəfər olub. 2025/2026-cı tədris ili üçün ali təhsil müəssisələrinə tələbə qəbulu üçün 60489 plan yeri ayrılıb".

O bildirib ki, ötən illə müqayisədə plan yerləri 2.21% (1309 yer) artırılıb:

"Plan yerlərinin 28 401-i dövlət sifarişlidir. Dövlət sifarişli yerlərin sayı ötən illə müqayisədə 2.04% və ya 568 yer artıb. Ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqə şərtlərində hər hansı dəyişiklik nəzərdə tutulmur və ötən illərdə olduğu kimi, ümumi 200, imtahanın ikinci mərhələsində 100 (bəzi ixtisaslar üzrə ümumi 150 və ikinci mərhələ üçün 50) bal toplayanlar ixtisas seçimində iştirak edə biləcəklər".

Bu il keçirilən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları haqqında danışan sədr ötən illə müqayisədə nəticələrin bir-birinə demək olar ki, uyğun olduğunu vurğulayıb".

M.Abbaszadə qeyd edib ki, 2025-ci ildə Qarabağ Universiteti üzrə qəbul planı 28.5% artırılaraq 1 440 yerə çatdırılıb.

Bənzər yazılar

0.27035403251648