“Əgər şuşalılar məni parlamentdə öz nümayəndələri seçsələr, onların etimadını doğrultmaq üçün hər şeyi edəcəyəm. Şuşadan deputat olmaq - bu böyük şərəfdir”.
Yeniavaz.com xəbər verir ki, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu “Novoe vremya” portalına müsahibəsində bildirib.
Belə ki, jurnalist ona “Azərbaycan növbədənkənar parlament seçkilərinin keçirilməsinə fəal hazırlaşır, bununla bağlı soruşmaq istərdik ki, siz Qarabağın ürəyi - Şuşa şəhərini parlamentdə təmsil etmək üçün deputatlığa namizədliyinizi irəli sürməyi planlaşdırırsınızmı?” - sualı ilə müraciət edib.
Polad Bülbüloğlu suala cavab olaraq Şuşadan deputat olmağın böyük şərəf olduğunu bildirib.
“Praktiki olaraq fikirlərimi oxuyaraq maraqlı sual verdiniz. Parlament seçkilərinin keçirilməsi hər bir dövlətin və xalqın həyatında çox ciddi və məsuliyyətli hadisədir. Təbii ki, ruhum məni oraya çəkir. Mən artıq üç dəfə “Xarı-bülbül” festivalında iştirak etmişəm, əsasını keçən əsrin 90-cı illərində qoyduğumuz festival ənənələrini davam etdirdiklərinə görə, çox hörmətli İlham Əliyevə, Mehriban xanım Əliyevaya, Heydər Əliyev Fonduna, Mədəniyyət Nazirliyinə təşəkkür etmək istəyirəm. Və təbii ki, Şuşanın bu gün doğma Azərbaycan torpağına qayıtması Ali Baş Komandanın xidmətidir. Biz hamımız canları bahasına doğma torpağın hər qarışını müdafiə edən əsgərlərimizə borcluyuq.
Əgər şuşalılar məni parlamentdə öz nümayəndələri seçsələr, onların etimadını doğrultmaq üçün hər şeyi edəcəyəm. Şuşadan deputat olmaq - bu böyük şərəfdir.
Bütün bu 30 il ərzində mədəniyyətimizin beşiyi olan Şuşanı geri qaytaracağımızı arzu edirdik və buna nail olduq. Bu gün bizim əsas vəzifəmiz Qarabağın inkişafı, çiçəklənməsi üçün hər şeyi etməkdir”, - Polad Bülbüloğlu deyib.
Qeyd edək ki, 79 yaşlı Polad Bülbüloğlu 2006-cı ildən Azərbaycanın Rusiyadakı səfiridir.