Mingəçevirdə su-kanalizasiya işlərini görən şirkət sahibkarların pulunu vermir – Yarım milyon vergi borcu da var

 24-07-2024

Bir qrup sahibkar Mingəçevirdə su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması işlərini görən podratçı şirkət “Emek Mühendislik” MMC-nin onlara olan borcunu ödəmədiyini iddia edir.

Yeniavaz.com-a müraciət edən həmin sahibkarlardan Nurlan Əliyev bildirir ki, Mingəçevirdə yanacaqdoldurma məntəqsini işlədir və sözügedən şirkət rəsmi qaydada onlardan aldığı 11 min manat dəyərində yanacağın ödənişini etmir.

Sahibkar deyir ki, bir ildir ona heç bir manat da pul ödənilməyib: “Dəfələrlə onların Bakı şəhərində yerləşən ofislərində olmuşam. Hər dəfə yalan vədlər verərək aradan çıxırlar. Artıq telefon zənglərinə də cavab vermirlər”.

Yevlax sakini Mehdiyev Cumalı müqavilə əsasında öz texnikası ilə bu şirkətin işlərini gördüyünü deyir. O bildirib ki, şirkətin ona 11 min manat borcu var və pulunu ala bilmir.

İşlərini görməsi üçün öz texnikalarını “Emek Mühendislik” MMC-yə müqavilə əsasında icarəyə verən Kamil Mustafayev, Elməddin Cavadov və Elmir Feyziyev də şirkətdən pullarını ala bilmədiklərini deyirlər. Sahibkarların sözlərinə görə, şirkətin onların hər birinə müvafiq olaraq – 14 min 522, 9 min və 40 min borcu var.

Sahibkarlar deyirlər ki, məsələ ilə bağlı məhkəməyə də müraciət ediblər, lakin borcun ödənilməsinə dair məhkəmənin müvafiq qərarları icra olunmur.

Alacaqlılar bildirirlər ki, şirkətin onlarla əlaqə saxlayan təmsilçiləri Uğur Yeniçeri və Serdar Kaya olub.

Qeyd edək ki, “Emek Mühendislik” MMC 27 yanvar 2020-ci ildə dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı “Bakı şəhəri Nəsimi rayonu, Cavad xan, ev 70, m. 19”da yerləşən şirkətin qanuni təmsilçisi Serdar Kayadır. 10 manat nizamnamə kapitalı olan MMC-nin bu günə - 24 iyul 2024-cü ilə dövlət büdcəsinə 503 min 815 manat 80 qəpik vergi borcu var.

Serdar Kaya Yeniavaz.com-a verdiyi açıqlamada sahibkarlara borcunun olduğunu təsdiqləyib və bildirib ki, yaxın günlərdə borcu nə vaxt ödəyəcəklərinə dair sahibkarlara məlumat verəcək. O, hazırda özünün də maddi vəziyyətinin çətin olduğunu deyib.


Serdar Kaya

Xatırladaq ki, “Nort Vest Konstrakşn” MMC 2021-ci ildə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən keçirilən 40 milyon 735 min 655 manat 78 qəpik dəyərindəki tender müsabiqəsinin qalibi olub. Tenderin şərtlərinə görə, MMC Mingəçevir şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması işlərini görməlidir.

Məlumat üçün bildirək ki, nizamnamə kapitalı 100 min manat olan “Nort Vest Konstrakşn” MMC 14 dekabr 2007-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin hüquqi ünvanı ölkəninən böyük şirkətlərindən biri olan “Paşa Holdinq” ilə eyni ünvanda – Neftçilər prospekti 153-də yerləşir. MMC-nin qanuni təmsilçisi Bədəlov Elçin Tofiq oğludur.

Esmira Hidayətova

Bənzər yazılar

0.1158299446106