Qəzzada tullantı sularında uşaqları iflic edən virus aşkarlandı

 19-07-2024

Qəzza zolağında çirkab sulardan götürülən nümunələrdə uşaqlarda iflic yaradan virus - poliomielit aşkarlanıb.

Bu barədə Oxu.Az "Haber Global"a istinadən bildirir.

Qəzzadakı Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada anklavda qurumla Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) koordinasiyalı şəkildə çirkab su nümunələri üzərində apardıqları sınaqların nəticələri paylaşılıb.

Məcburi köçkünlərin çadırları arasında və bölgə sakinlərinin məskunlaşdığı yerlərdə yığılıb qalan və axan tullantı sularında uşaqların iflic olmasına gətirib çıxaran virus aşkar edilib.

Açıqlamada qeyd edilib ki, bu, sağlamlıqla bağlı fəlakətin xəbərçisidir. Belə ki, minlərlə insan bu xəstəliyə yoluxma riski altındadır.

Suyun kanalizasiya suları ilə çirkləndiyi, tonlarla zibilin yığıldığına diqqət çəkilib və təmiz su təminatının, kanalizasiya xətlərinin təmirinin və köçkünlərin məskunlaşdığı yerlərdə əhalinin sıxlığının azaldılmasının zəruriliyi vurğulanıb.

 

Bənzər yazılar

0.064034938812256