"Əsas fokuslanmalı məsələ zəif nəticə göstərənlərin üzərində işləməkdir. Növbəti sertifikasiya imtahanlarının builki kimi ağrılı olmayacağını hesab edirəm".
Oxu.Az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Sertifikatlaşdırma 2024: Peşəkar müəllim - keyfiyyətli təhsil" adlı tədbirdə çıxışı zamanı deyib.
"Misal olaraq, ən yüksək 60 balı toplayan müəllimlərin növbəti sertifikasiya imtahanında da eyni nəticə göstərməsi üçün çalışmalıyıq. Üç il ardıcıl şəkildə sertifikasiyada iştirak edib uğurlu nəticə göstərən müəllimlər ömürlük sertifikasiyadan azad olunmuş sayılırlar. Bu il sertifikasiya imtahanları ibtidai sinif müəllimləri üçün humanist yanaşma əsasında tərtib olunmuşdu. Təbii ki, növbəti illərdə yeni standartlar da hazırlanacaq", - deyə nazir bildirib.
E.Əmrullayev qeyd edib ki, fərqli standartlar olsa da, bugünkü məzmunda elə də ciddi dəyişiklik olmayacaq: "Bu gün əsas istəyimiz bütün müəllimlərin sertifikasiya prosesindən keçməsidir. Dərs saatlarının bölgüsündə sertifikatlaşdırma nəticələri nəzərə alınacaq. Astarada hər üç müəllimdən biri ilə sağollaşmalı olacağıq”.
Nazir qeyd edib ki, həmin rayon üzrə zəif nəticə çoxdur.
O qeyd edib ki, yüksək nəticə göstərən müəllimlərin dərs saatı artırıla bilər: "İstəyirik ki, uşaqlarımıza daha yaxşı nəticə göstərmiş müəllimlərimiz dərs desinlər. Lakin elə anlaşılmasın ki, biz sertifikatlaşdırmadan aşağı nəticə göstərən müəllimlərin dərs saatlarını əllərindən alıb digərlərinə verəcəyik. Sadəcə mübahisələr zamanı və dərs saatlarının bölgüsündə bu alqoritmdən də istifadə edəcəyik. Burada 57 bal toplayanla, 31 bal toplayan müəllimə fərq qoyulacaq. Növbəti mərhələdə direktor və müavinlərinin də sertifikatlaşdırma prosesində iştirakını vacib hesab edirik".
O bildirib ki, yeni təyin olunan məktəb direktorlarının məhz yüksək nəticə göstərən müəllimlər arasından seçilməsi vacib məqamdır:
"Çünki öz fənnini bilməyən şəxs məktəbə direktorluq edəndə, düşünürəm ki, bu, heç kimi sevindirmir. O demək deyil ki, yüksək nəticə göstərənləri dərhal direktor təyin edəcəyik. Sadəcə direktorlar yüksək nəticə göstərmiş müəllimlər arasından seçiləcəklər".