Qızmar havadan əziyyət çəkən təkcə böyüklər deyil, həm də dövlət bağçalarına gedən uşaqlardır. Bağçalarda soyutma sistemlərinin olmaması onlara çətinlik yaradır.
Valideynlər bildirirlər ki, bağçalarda nəinki kondisioner, heç ventilyator da yoxdur. Bəzi bağçaların yay aylarında da fəaliyyət göstərəcəyini nəzərə alsaq, vəziyyəti göz önünə gətirmək elə də çətin deyil.
Təhsil eksperti Elşən Qafarov isə Pravda.az-a açıqlamasında deyib ki, nəinki məktəbəqədər təhsil müəssisələrində, heç ümumtəhsil müəssisələrində də yay dövrü üçün kondisioner və bu kimi sərinlədici vasitələr nəzərdə tutulmayıb.
"Halbuki, ümumtəhsil məktəblərində iyunun 14-də tədris bitsə də, məktəbəqədər təhsil müəssisələrində yay dövründə tədris davam edir. "Təhsil müəssisələrinin maddi-texniki bazası və infrastrukturu haqqında" Nazirlər Kabinetinin 23 aprel 2012-ci il tarixli, 287 nömrəli qərarına, o cümlədən 2012-ci il 3 avqust 171 saylı normativlərinə əlavə və dəyişikliklər etmək lazımdır", - ekspert bildirib.