Hər bir valideyn övladının daha keyfiyyətli təhsil almasına çalışır. Hazırda dünya ölkələrinin qabaqcıl ali təhsil müəssisələrində və universitetlərində minlərlə azərbaycanlı gənc təhsil alır.
Bunların bəziləri öz hesabına, bir qismi də dövlət proqramı yolu ilə xarici ölkələrə üz tutub.
Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2022-ci il tarixli 3163 nömrəli Sərəncamı ilə "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-26-cı illər üçün Dövlət Proqramı" təsdiq olunub. Proqramın icrası müddətində hər il 400 nəfər olmaqla ümumilikdə 2 000 nəfərədək ölkə vətəndaşının xaricdə bakalavriat və magistratura səviyyələri üzrə təhsil alması nəzərdə tutulub. 2023-24-cü tədris ilində proqram çərçivəsində 17 ölkənin nüfuzlu ali təhsil müəssisələri üzrə 64 nəfər bakalavriat, 317 nəfər magistratura səviyyəsində olmaqla ümumilikdə 381 nəfər xaricdə təhsil hüququ qazanıb.
Maraqlıdır, hazırda xaricdə təhsillə bağlı nə kimi yeniliklər var? Xaricə gedən tələbələrin bir qisminin təhsili bitirdikdən sonra qayıtmaması yaxşı, yoxsa pis haldır?
Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən təhsil eksperti Elçin Süleymanovun sözlərinə görə, xaricdə təhsil ilə əlaqəli müxtəlif dövlət proqramları həyata keçirilir:
"Bunlardan ilki 2007-15-ci illəri əhatə edirdi və ixtisasartırma, dil və baza hazırlığı kursları, bakalavriat, magistratura, rezidentura və doktorantura təhsil səviyyələri və proqramlarını ehtiva edirdi. 2019-23-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı isə əsasən, doktorantura təhsili ilə əlaqəli idi. Birinci proqram 2015-ci ildən sonra da davam etdirildi və hər il 400-ə yaxın azərbaycanlı dövlət vəsaiti hesabına bakalavr və magistr təhsili almağa göndərilir. Onlardan 80 nəfəri bakalavr, 320 nəfəri isə magistr təhsili alır.
Xaricdə təhsil proqramı Azərbaycana kifayət qədər yüksəkkeyfiyyətli mütəxəssis qazandırır. Onun məzunları dövləti idarəçilik və iqtisadi strukturlarda kifayət qədər yaxşı təmsil edir, aldıqları təhsili tətbiq edirlər. Eyni zamanda, ali təhsildə rəqabət qabiliyyətinin artırılması proqramının məzunları da tədricən universitetlərimizə qayıdırlar. Onlar razılıq məktubları ilə xaricdə təhsil almağa gedənlərdir.
Dövlət proqramı ilə yanaşı, Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) də müxtəlif təhsil qrantları var ki, sırf neft və kompüter mühəndisliyi sahəsində xaricdə təhsili dəstəkləyirlər. Gənclər Fondu vasitəsilə də müəyyən bir proqram var.
Eyni zamanda, Azərbaycan ilə xarici ölkələr arasında mübadilə proqramları var. Məsələn, hər il Macarıstan dövlət təqaüdü ilə təhsil imkanları tətbiq edir".
Ekspert bildirir ki, öz büdcəsi hesabına oxuyanların sayı da az deyil:
"Hər il 1 000-ə yaxın azərbaycanlı gənc doktorantura və magistratura səviyyəsində, 10 minə yaxın isə bakalavr səviyyəsində təhsil almağa gedir. Bəzi tələbələr özlərinin yüksək göstəriciləri ilə müxtəlif xarici universitetlər tərəfindən qrant qazanaraq təhsil alırlar. Həmin müəssisələr təhsil və yerləşmə xərcinin bir hissəsini ödəyirlər.
Əsasən, qardaş Türkiyə universitetlərinə böyük bir maraq var. Əvvəlki illərdə Ukraynaya da axın var idi. Ancaq Rusiya-Ukrayna müharibəsindən sonra xaricdə təhsildə əsas istiqamət Avropa ölkələri və Türkiyədir".
E.Süleymanov qeyd edib ki, məzunlar xaricdən elm, təcrübə və dünyagörüşü gətirirlər:
"Təbii ki, hamısının qayıtması, fəaliyyət göstərməsi imkansızdır. Lakin müəyyən bir hissəsi qayıdacaq. Xaricdəki bəzi tələbələrimiz məzun olduqları ali məktəblərdə qalıb fəaliyyət göstərirlər, bu isə diasporumuzu da gücləndirir".
"Xaricdə təhsillə bağlı fikir qarışıqlığı olmasın deyə dövlət proqramı portalında bütün məlumatlar yerləşdirilir. Tez-tez infosessiyalar keçirilir. Bu, gənclərimiz üçün çox yaxşı bir fürsətdir.
Xaricdə təhsil üçün akademik ortalama bal 80 olmalıdır. Həmçinin, IELTS imtahanından da keçməlisiniz. Dövlət vəsait xərclədiyi tələbələrin hazırlıq səviyyəsinə diqqət edir. Çünki kifayət qədər böyük investisiya yatırılır - yaşayış yeri, təhsil, nəqliyyat xərci və sığorta. Hazırlıqlı, savadlı gənclərə üstünlük verilir. Ölkəmizi müsbət mənada təmsil edəcək tələbələrin seçilməsi başadüşüləndir", - deyə E.Süleymanov əlavə edib.
Təhsil eksperti Kamran Əsədov isə qeyd edib ki, Azərbaycandan kənarda oxumağa gedənlərin sayı 45 min nəfərdən çoxdur:
"Azərbaycandan kənarda oxumağa gedən insanlar, əsasən, üç kateqoriyaya bölünürlər. Bunlardan birincilər ölkədə keçirilən qəbul imtahanlarında yetəri qədər bal toplamır, amma ali təhsil almaq arzusundadırlar. İkinci kateqoriyadan olanlar Azərbaycanda keçirilən qəbul imtahanlarında bal toplayır, lakin qəbul olunduqları ixtisas ürəyincə olmur, xaricə gedirlər. Üçüncülər isə dövlət proqramı və dövlətlərarası proqram çərçivəsində oxumağa gedirlər.
Azərbaycandan kənarda oxumağa gedənlərin sayı 45 min nəfərdən çoxdur. Türkiyədə təhsil alanların əksəriyyəti öz hesabına gedənlərdir. Dövlətlərarası təqaüdlə oxumağa gedənlər çoxdur. Təkcə bu proqram çərçivəsində Macarıstana, Latviyaya, Litvaya, Estoniyaya, Çinə, Cənubi Koreyaya gedənləri biz görürük.
Həmçinin, ikili diplom çərçivəsində gedən kifayət qədər tələbə var. Qardaş Türkiyəyə, Fransaya, İngiltərəyə hüquq ixtisası üzrə təhsil almaq üçün gedənlərin sayında artım müşahidə edirik.
Son iki il ərzində Bakı Dövlət Universiteti (BDU), Azərbaycan Texniki Universiteti (AzTU) Türkiyənin ali məktəbləri ilə ikili diplom çərçivəsində tədris təşkil edirlər. İkili diplom olduqca yaxşıdır. Tələbə hər iki dövlətin rəsmi diplomunu alır. İşə qəbul prosesində rahat olur".
K.Əsədov xaricə gedən tələbələrin ixtisas seçimi barədə də məlumat verib:
"Dövlətlərarası proqram çərçivəsində xaricə, məsələn, Çin Xalq Respublikasına gedənlər informasiya texnologiyaları, texniki ixtisaslara üstünlük verirlər. İkili diplom ilə yanaşı, dövlətlərarası proqram ilə Latviya, Litva və Estoniyaya turizm ixtisası ilə gedən gənclərin sayında da artım var. Polşada da azərbaycanlı tələbələrin sayında artım müşahidə edirik. Onlar daha çox biznesin idarəedilməsi ixtisasına yiyələnirlər".
"Gedənlərin 40 faizə qədəri, təəssüf ki, geri qayıtmır. Bu həmin ərazidə Azərbaycanın diasporunun olmağı deməkdir. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında onlar zəruri xidmət göstərirlər.
Digər tərəfdən, beyin axınıdır. Azərbaycanın yararlana biləcəyi mütəxəssisləri xaricdə yaşayırlar. Bu, ölkədə işçi qüvvəsinin çatışmamasına gətirib çıxara bilər.
Xarici ölkələrdə təhsil alıb gələnlər Azərbaycanda dayanıqlı iqtisadiyyatın formalaşmasına ciddi şəkildə müsbət təsir göstərirlər. Onlar xidmət sektoru, informasiya təhlükəsizliyi sahəsində çalışır, eyni zamanda ölkə üçün yerli mütəxəssislərin yetişməsində kömək edirlər".