Bakının Səbail rayonunda 189 nömrəli tam orta məktəbdə insident yaşanıb.
Teleqraf.com xəbər verir ki, məktəbin mühafizəçisi 9-cu sinif şagirdini döyüb.
Bakı şəhəri 189 nömrəli tam orta məktəbdən şagirdin döyülməsi xəbəri təsdiqlənib.
Bu barədə Oxu.Az-a bildirilib ki, iyunun 7-də məktəbin texniki işçisi ilə IX sinif şagirdi arasında baş verən insidentlə bağlı araşdırma aparılıb:
"Araşdırma zamanı məlum olub ki, dərsdən sonra texniki işçi bir şagirdin (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) pəncərədən məktəbin arxa həyətinə düşdüyünü görüb. Yaxınlaşaraq şagirdə irad bildirib və məktəb rəhbərliyinin yanına dəvət edib. Bu zaman aralarında anlaşılmazlıq və insident yaşanıb. Məktəb rəhbərliyi tərəfindən şagirdin valideynləri məktəbə dəvət edilib. Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub. Texniki işçinin izahatı alınıb, bu kimi halların yolverilməz olduğu bildirilib və o, işdən azad olunub".
Daxili İşlər Nazirliyin (DİN) Mətbuat Xidmətindən isə Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır:
"Sosial şəbəkədə yayılan görüntülərdən məlumatlıyıq. Aidiyyəti üzrə müvafiq polis bölməsində araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək".
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin bölmə rəisi Nurlan Əliyev bildirib ki, iyunun 7-də paytaxtın Səbail rayonunda məktəblərdən birinin texniki işçisi ilə şagird arasında mübahisəni əks etdirən görüntülər araşdırılır.
O qeyd edib ki, məktəbin işçisi Elşən Məmmədov polis orqanına dəvət olunaraq izahatı alınıb:
"E.Məmmədov öz izahatında bildirib ki, məktəbin idman zalının pəncərəsindən şagirdin çıxdığına görə mübahisə yaranıb. Valideyninin iştirakı ilə izahatı alınan 9-cu sinif şagirdi də idman zalının qapısının bağlı olduğundan pəncərədən çıxdığını təsdiqləyib. Hazırda təhqiqat araşdırmaları davam etdirilir".
Baş verən hadisənin görüntülərini təqdim edirik: