Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin, Laçın Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin və STM-in birlikdə təşkilatçılığı ilə “Böyük Qayıdış” elmi-praktik konfransı keçirilib.
Konfransı giriş nitqiylə açan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı Hüseyn Quliyev bildirib ki, elmi konfransın keçirilməsində əsas məqsəd Böyük Qayıdış proqramının reallaşdırılması, eyni zamanda davamlı inkişaf siyasətinin təfərrüatları haqqında informasiya vermək, cənab prezidentin “Böyük Qayıdış” proqramı çərçivəsində Laçına qayıdan sakinlərlə ölkə rəhbərinin həyata keçirdiyi yanaşma barəsində bilgiləri bölüşmək, bunu 2020-ci ildə reallaşmış Vətən müharibəsinin davamı, yaratdığı yeni reallıqların bir hissəsi kimi ictimaiyyətlə bölüşmək olub.
İşğaldan azad edilmiş ərazilərdə məskunlaşan şəxslərin mütəmadi qaydada keçirilən tədbirlərə cəlb edilməsi, onların Böyük Qayıdış prosesi çərçivəsində müstəsna rol oynamaları, həm də tarixi keçid dövründə həmin şəxslərin birbaşa Böyük Qayıdışla bağlı maarifləndirmədə könüllü iştirakının təmin olunması da əsas məsələlərdəndir.
Konfransda çıxış edən STM-in departament rəhbəri Əziz Əlibəyli bildirib ki, Laçın ictimaiyyəti qarşısında mühüm vəzifələr dayanır və bunu ölkə rəhbərinin müəyyən etdiyi “Böyük Qayıdış” proqramında görmək mümkündür. O, qeyd edib ki, işğaldan azad olunmuş torpaqlara ilk qayıdan sakinlərdən biri kimi Laçın ictimaiyyəti xüsusi əhəmiyyətə malikdir. Bildirib ki, əldə olunan “Böyük Qayıdış” təcrübəsi Azərbaycan torpaqlarının məskunlaşdırılmasında önəmli bir təcrübə olacaq, bu, həm də, prezidentin də qeyd etdiyi kimi, bütün azad torpaqlara qayıdış prosesinin vacib təcrübələrindən biri kimi çıxış edəcək.
Departament rəhbəri vurğulayıb ki, Laçının Ermənistanla sərhəd olması, üzərində işğalçı tərəfin xüsusi iddialar səsləndirməsi, Laçın yolundan Azərbaycana daxil olub keçmişdə işğalçı siyasətlərini davam etdirməsi şəhər üzərində Azərbaycan bayrağının dalğalanması məsələsini, xüsusilə, vacib edib. Bu kontekstdə bu gün bölgəyə köçən Laçın ictimaiyyəti 30 illik işğala son qoyan qalibiyyət carçıları olmaqla yanaşı, Azərbaycanın sərhədində etibarlı keşikçidirlər, bu mənada onlar mühüm tarixi rol oynayırlar.
Daha sonra çıxış edən STM-in sektor müdiri Əfqan Vəliyev konfrans çərçivəsində Qərbi Azərbaycana qayıdış kontekstində çıxış edib. O, məruzəsində bildirib ki, Qərbi Azərbaycana, tarixi torpaqlara qayıdış Laçından başlayan əsas tendensiyadır.
Məruzəçi Laçının tarixi abidələrinə, o cümlədən Ermənistanın vandalizminə məruz qalmış , törədilmiş müharibə cinayətləri hadisələrinə diqqət çəkib və bildirib ki, indi Azərbaycan tərəfinin təkcə qalibiyyətin nəticələriylə əldə etdiyi yekun baxışlar mövcud deyil, həm də sənədlər əsasında, faktlara söykənən ciddi proqramı var və önəmli rol oynayacaq.
Laçın şəhərinin 2 saylı məktəbinin müdir müavini Şəbnəm Uğurlu da qeyd etdi ki, Laçına qayıdışın mühüm xüsusiyyəti bir təhsil işçisi kimi onların çiyinlərində önəmli mərhələ təşkil edir. Çünki Laçının azad olunması Azərbaycanın mədəniyyətinin, tarixinin, təhsilinin, məktəblilərimizin bölgəyə qayıtmasıdır. Bu qalibiyyət nəticəsində onların bölgəyə gəlməsi Azərbaycanın dədə-baba torpaqlarında öz ocaqlarını qalaması demək idi. Bunun bir hərəkat olduğunu, milli hərəkat olduğunu açıqlayan təhsil işçisi onu da qeyd etdi ki, yaxın zamanlarda Laçının müxtəlif ərazilərində daha böyük təhsil müssəsisələrinin qurulması nəzərdə tutulur.
Konfrans çərçivəsində STM-in sektor müdiri Əfqan Vəliyevin müəllifi olduğu “Tarixi Azərbaycan torpaqlarında maddi-mədəni irsimiz” və “Qərbi Azərbaycana qayıdış: tarixi torpaqlarında maddi-mədəni irsimiz” kitablarının təqdimatı da təşkil olunub. Tədbirdə STM-in sektor müdiri Tural İsmayılov qayıdışla bağlı media fəaliyyətinin vacibliyinə toxunub.
Qeyd edək ki, Sosial Tədqiqatlar Mərkəzi ölkə rəhbərliyinin Vətən müharibəsindən sonra müəyyən etdiyi “Tarixi Azərbaycan torpaqlarına qayıdış siyasəti” çərçivəsində fundamental hesabatlar və kitablar hazırlayıb. Növbəti vəzifələr kimi Qayıdış prosesinə müxtəlif formalarda töhfə verməyə çalışan STM Şərqi Zəngəzurla yanaşı, digər tarixi torpaqlara qayıdışla bağlı da fəaliyyətini həm davam etdirir, həm də onu ictimai rəylə mütləq surətdə bölüşür. Laçında təşkil edilən tədbirin əsas istiqamətlərindən biri də məhz bundan ibarət olub.
Tədbir paytaxtın elmi tədqiqat mərkəzləri, siyasi institutları ilə işğaldan azad edilmiş ərazilərə köçən insanlar arasında əlaqələri daha da möhkəmləndirmək xarakteri daşıyır. Konfrans Qayıdışdan sonra dayanıqlı məskunlaşmaya təbliğat, maarifləndirmə və digər vasitələrlə prosesin təşviqinə kömək məqsədi ilə təşkil edilib.
Tədbir həm də, paytaxtın elmi tədqiqat mərkəzləri, siyasi institutları ilə işğaldan azad edilmiş ərazilərə köçən insanlar arasında əlaqələri daha da möhkəmləndirmək xarakteri daşıyıb.