“Moskva univermağı“ndan sonra növbə “Laçın”a çatıb
Son bir neçə gündə paytaxt Bakıdakı iri ticarət mərkəzlərində yerləşən qızıl satışı nöqtələrində kütləvi vergi yoxlamaları müşahidə olunur.
“AzPolitika” xəbər verir ki, sahibkarların dediyinə görə, ilk olaraq, iki gün öncə şəhərin mərkəzindəki “sum” kimi tanınan Mərkəzi Univermaqda operativ yoxlama tədbirləri aparılıb və qızıl satışı ilə məşğul olan sahibkarlara böyük məbləğlərdə maliyyə sanksiyalarına dair aktlar yazılıb.
Dünən eyni proses “Moskva univermağı” kimi tanınan ticarət mərkəzində həyata keçirilib. Hətta qızıl şöbəsinin qapılarının vergi əməkdaşları tərəfindən “qapadıldığı”və sahibkarların öz mallarını çıxarmasına imkan verilmədiyi iddia olunur.
Bu günsə “Xalqlar dostluğu” metrosu yaxınlığındakı “Laçın” ticarət mərkəzində yerləşən qızıl satışı nöqtələri eyni aqibəti yaşayıblar.
Qızıl satışı ilə məşğul olan sahibkarlar bu qəfil yoxlamalardan narazıdırlar. Çünki vergi əməkdaşları onlardan satdıqları qızıl-zinət əşyalarının rəsmi sənədlərini tələb edirlər. “Sənədi olmayan” qızıl-zinət əşyalarına görə isə qanunvericiliyə uyğun olaraq, mal qalığının 18 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Beləliklə, məsələn, 500 min manatlıq mal qalığı olan sahibkara 90 min manat cərimə hesablanır.
İlk baxışdan hər şey qanunidir və cərimə tətbiqi məntiqlidir. Lakin məsələ ondadır ki, qızıl satışı sahəsindən məlumatlı olanlar çox yaxşı bilir ki, Azərbaycana qızıl idxalı, xaricdən qızıl gətirilməsi ilə sıravi vətəndaş məşğul ola bilmir.
Daha çox qızıl-zinət əşyaları Türkiyədən gətirilir. Azərbaycandan gedən sahibkar Türkiyədə qızılı seçir, qiymətini razılaşdırır və sair. Sahibkarlar deyirlər ki, daha sonra qızılın hər qramına görə 2-3 dollar “yol pulu” ödəyirlər. Daha sonra qızıl sektorunda hamının yaxşı tanıdığı “bəzi şəxslər” qızılı özləri gömrükdən keçirərək, birbaşa piştaxtada sahibkara təhvil verib, malın pulunu alırlar. Və bu zaman onlara təbii ki, heç bir rəsmi sənəd-filan verilmir.
Bu proseduru gömrük orqanında da, vergidə də hamı yaxşı bilir. Uzun illərdir ki, Azərbaycana qızıl bu cür gətirilir. Yəni, satış nöqtəsindəki sahibkar istəsə də, ona aldığı malla bağlı rəsmi sənəd verən yoxdur! Sahibkarlar hətta yerli istehsallı qızıla görə də sənəd ala bilmədiklərini deyirlər. Onların sözlərinə görə, bununla “Moskva univermağı”ndakı sexlər məşğul olur və onlar da topdan satdıqları mala görə heç bir rəsmi sənəd vermirlər.
Yaxşı, o zaman sual yaranır ki, sahibkar rəsmi sənədi haradan, kimdən və necə alsın? Ən əsası isə ölkənin qızıl mağazaları və digər satış nöqtələrindəki üst-üstə tonlarla çəkisi olan qızıl-zinət əşyaları, briliantlar və s. gömrükdən sənədsiz necə keçirilib ki, nəticədə onlar piştaxtalara veriləndə rəsmi sənədlə təmin olunmur?
Yaxşı olar ki, vergi orqanı və digər orqanlar ilk olaraq bu məsələ ilə maraqlansın. Zatən qızılın bahalaşması səbəbindən müflisləşmək ərəfəsində olan “sahibsiz” sahibkarları cərimələmək asandır. Tonlarla qızılı gömrükdən keçirib sahibkarlara sənədsiz-filansız verənlərlə isə bacarmaq yəqin ki, xeyli çətindir...
R.Əliyev
“AzPolitika.info”