İlk növbədə, ondan başlayaq ki, uşaqların qorxuları yaşlarından asılı olaraq dəyişir. Belə ki, hələ kiçik yaşlarda qorxuların əsas mənbəyini səslər təşkil etdiyi halda, böyük yaşlarda daha konkret qorxular təşkil edir. Elə isə “Hansı yaşda hansı qorxu?” sualına cavab tapmağa çalışaq...
2 yaş
Bu yaşda daha çox səslərlə bağlı qorxulardan söhbət gedə bilər. Məsələn, qatarın, maşının (xüsusilə də, yük maşınının), tozsoranın səsi, həmçinin göy guruldaması, şimşək çaxması, külək uğuldaması və s. Digər tərəfdən, qaranlığı, böyük və ya tünd rəngli əşyaları, həmçinin, papaqları da bu yaşdakı uşaqlar üçün qorxulu saymaq olar.
2,5 yaş
Yatağının yerinin dəyişməsi, anasının yanından ayrılması, kiminsə qapıdan girməsi və s. kimi “kənar hərəkətlər” bu yaşda olan uşaqların qorxmasına səbəb ola bilər.
3 yaş
Bu yaşda olan uşaqlar üçün isə ən çox vizual qorxulardan söhbət gedə bilər. Məsələn, qaranlıq, heyvanlar, polis və s. kimi qorxuları vizual qorxular üçün misal gətirmək olar.
4 yaş
Bu yaşda da əsas yeri səslərlə bağlı qorxular tutur. Digər tərəfdən, qaranlıq, heyvanlar, ananın evdən ayrılması və s. bu yaşda olan uşaqların qorxmasına səbəb ola bilər.
5 yaş
Əslində, bu yaşı o qədər də qorxulu yaş saymaq olmaz. Ancaq bu yaşda da əsasən vizual qorxulardan söhbət gedə bilər. Digər tərəfdən, bəzi konkret qorxuları da (məsələn, yıxılmaq, əzilmək, yanmaq və s. kimi) bu yaşda olan uşaqlar üçün xarakterik saymaq olar.
6 yaş
6 yaş yaşlar arasında çox qorxulu yaşdır. Belə ki, bu yaşda olan uşaqlar qapı və telefon zəngindən də, həşərat və quş səsindən də qorxurlar. Konkret qorxulara gəlincə isə bu qorxulara su, od, fırtına və s. kimi qorxuları aid etmək olar. Həmçinin, bu yaşda olan uşaqlar yataqlarının altında kiminsə olmasından da qorxa bilərlər.
7 yaş
Qaranlıq, zirzəmi, dam və s. kimi qorxular bu yaşda olan uşaqlar üçün daha xarakterikdir. Digər tərəfdən, bu yaşda olan uşaqlar oxuduqlarından, televizorda (və ya kinoda) gördüklərindən, hətta kölgələrindən də qorxa bilərlər.
8-9 yaş
Bu yaşlarda qorxular nisbətən azalır. Həmçinin, sudan və ya qaranlıqdan daha az qorxurlar. Artıq qorxuları daha realdır. Məsələn, tapşırığı yerinə yetirməmək, dərsə hazır olmamaq, yarışda uğursuzluq qazanmaq və s...
Aygün Vəliyeva
Uşaqlar ən çox nədən qorxurlar?
08-06-2024