Bakıdan SENSASİON Zəngəzur xahişi: Nikol Paşinyan radikal planı işə salır

 06-06-2024

Paşinyan hakimiyyəti yalnız yekun sülh sazişi məsələsində deyil, eyni zamanda, Zəngəzur dəhlizi mövzusunda da ağır seytnota düşüb…

Rəsmi İrəvan Ermənistanın blokadadan çıxarılıb, inkişaf mərhələsinə keçid etmək şansı kimi gördüyü bu layihədə indi olduqca maraqlıdır…

Ermənistan taleyüklü mərhələyə qədəm qoyub. İndi bu süni yaradılmış “erməni dövləti” öz mövcudluğunu təmin etmək məcburiyyətində qalıb. Rəsmi İrəvanın vaxt qazanmağa yönəlik siyasi manipulyasiyaları Ermənistanı olduqca dəyərli zaman itkisinə məruz qoyub.

Halbuki, Paşinyan hakimiyyəti Azərbaycanla yekun sülh sazişini vaxtında imzalamış olsaydı, onda həqiqətən də zaman qazanmış olacaqdı. Və nəticədə Ermənistan indi üzləşdiyi geopolitik kollapsdan uzaq qalacaqdı.

Onu da qeyd etmək lazımdır ki, “erməni düşüncə tərzi”ni formalaşdıran revanşizm Paşinyan hakimiyyətinə də mövcud geopolitik reallıqları qəbul etməyə əngəl törətdi. Rəsmi Bakı Ermənistana beynəlxalq hüquq normaları çərçivəsində cəmisi beş prinsipdən ibarət yekun sülh sazişinin məzmun təkliflərini göndərmişdi. Paşinyan hakimiyyəti isə onlara praqmatik yanaşmaq əvəzinə, Ermənistanın yaxın gələcəkdə revanş imkanı qazana biləcəyi ilə bağlı məntiqsiz “xəyallara” təslim oldu. Rəsmi İrəvan ilk növbədə ABŞ və Qərbin Azərbaycana təzyiq göstərərək, erməni narrativlərinin ön plana keçirilməsini təmin edə biləcəyinə inandı və ümid bəslədi.

Ancaq baş nazir Nikol Paşinyan və onun yaxın ətrafı anlayır ki, ABŞ və Qərbin Azərbaycana təzyiq imkanları və mexanizmləri möbvud deyil. Üstəlik, həm ABŞ-ın, həm də Avropa Birliyinin, hətta dünyanın ən ermənipərəst dövləti olan Fransanın belə, Cənubi Qafqaz maraqları Azərbaycandan asılı vəziyyətə düşüb. Yəni, Ermənistanın beynəlxalq himayədarları Azərbaycanla münasibətlərinə yenidən baxmaq, rəsmi Bakı ilə anlaşmaq məcburiyyətində qalıblar. Və bu prosesdən ziyanla çıxan tərəf rolundasa, yalnız Ermnənistan qalıb.

Maraqlıdır ki, Ermənistanın sülh prosesindən yayınmasının itkiləri bərpa edilməyəcək səviyyədə böyükdür. Çünki Ermənistan bu müddət ərzində daha da zəifləyib, üstəlik, həm də öz beynəlxalq himayədarları tərəfindən taleyin ümidinə buraxılmaq təhlükəsi ilə üzləşib. Yəni, bundan sonra rəsmi İrəvanın əvvəlki şərtlər daxilində yekun sülh sazişinin imzalanmasına nail olması da qətiyyən real deyil. Və indi Paşinyan hakimiyyəti Azərbaycanın bütün tələblərini ən qısa zamanda icra etməyə məcburdur.

Halbuki, indi yekun sülh sazişi Ermənistana hava-su kimi lazımdır. Hər halda, rəsmi İrəvan həmin sənəd imzalanmadığı müddət ərzində Ermənistanın blokada şəraitində qalacağını anlayır. Eyni zamanda, Ermənistanın Azərbaycan tərəfindən reallaşdırılan regional iqtisadi-ticari layihələrə qatılmaq şansı qazanmayacağı da inkaredilməz reallıqdır. Və bu baxımdan, rəsmi İrəvanın son vaxtlar maksimum səviyyədə yekun sülh sazişinə can atması qətiyyən təəccüblü deyil.

Məsələ ondadır ki, rəsmi İrəvan ABŞ və Qərbin təlimatları ilə sülh sazişindən uzaqlaşmasaydı, Ermənistan indi həm Azərbaycanla, həm də Türkiyə ilə iqtisadi-ticari əməkdaşlıq şansı qazanmış olacaqdı. Ermənistanın bəzi regional iqtisadi layihələrdə iştirakı üçün müəyyən imkanlar açılacaqdı. Və nəticədə Ermənistan həm blokadadan çıxaraq, dünyaya açılmaq şansına sahiblənəcəkdi, həm də inkişaf perspektivlərini planlaşdırmaq imkanları qazanacaqdı.

Ancaq artıq bu, mümkün deyil. Çünki rəsmi İrəvan Ermənistan üçün dəyərli olan zamanı boşuna xərcləyib, arxada buraxıb. Ona görə də, Paşinyan hakimiyyəti bundan sonra daha operativ davranmalıdır. Xüsusilə də, rəsmi İrəvan Zəngəzur dəhlizinin Ermənistan üçün yeganə xilas layihəsi olduğunu da anlamalıdır. Əks halda, bu layihədə iştirak şansını da əldən vermiş olacaq.

Hər halda, Avropa və Asiya qitələri arasında iqtisadi-ticari marşrutun açılmasında maraqlı olan dövlətlər Ermənistanın nə vaxt qərar verəcəyini gözləməklə, zaman itirməyə qətiyyən həvəsli deyillər. Eyni zamanda, rəsmi Bakı da bu perspektivli layihəni Ermənistanın “kaprizlər”inin girovuna çevirmək niyyətindən çox-çox uzaqdır. Və artıq bu marşrutun İran ərazisindən keçirilməsi istiqamətində kifayət qədər ciddi addımlar atılmağa başlayıb.

Ona görə də, Ermənistanın yenə də növbəti regional nəqliyyat-kommunikasiya və iqtisadi-ticari layihədən kənarda qalma ehtimalı olduqca ciddidir. Artıq o da məlumdur ki, ABŞ və Qərbin bu marşrut üçün İran variantına qarşı müqaviməti iflasa uğramaq üzrədir. Yəni, rəsmi İrəvan dərhal qərar verməlidir, əks halda, Avaropa-Asiya marşrutundan külli miqdarda gəlir əldə etmək əvəzinə, onu sadəcə, kənardan müşahidə etməklə, kifayətlənməli olacaq.

Maraqlıdır ki, Ermənistan cəmiyyətində Zəngəzur dəhlizi qarşısında əsas əngəlin məhz “kilsə qiyamı” olduğu barədə iddialar mövcuddur. Həmin iddialara görə, Paşinyan hakimiyyəti Zəngəzur dəhlizinin 10 noyabr üçtərəfli anlaşmanın şərtləri daxilində açılmasına hətta qeyri-rəsmi razılıq da veribmiş. Ancaq “kilsə qiyamı” bu layihənin icrasına başlanmasını əngəlləyib, hər halda, nisbətən ləngiməsinə səbəb olub. Və baş nazir Nikol Paşinyanın siyasi-diplomatik kanallarla rəsmi Bakıdan Zəngəzur dəhlizi məsələsində bir qədər də səbrli olmasını xahiş etdiyi barədə müəyyən məlumatlar mövcuddur.

Belə anlaşılır ki, rəsmi İrəvan yalnız yekun sülh sazişi məsələsində deyil, həm də Zəngəzur dəhlizi mövzusunda da seytnota düşüb. Paşinyan hakimiyyəti Ermənistanın blokadadan çıxarılıb, inkişaf mərhələsinə keçid etmək şansı kimi gördüyü Zəngəzur dəhlizinin açılmasında olduqca maraqlıdır. Ona görə də, yaxın bir neçə ay ərzində “kilsə qiyamı”nı yatırıb, bu layihə üzərində rəsmi Bakı ilə anlaşa biləcəyinə ümid bəsləyir. Və bu baxımdan, Paşinyan hakimiyyətinin “erməni üçlüyü”nün “kilsə qiyamı”nı radikal addımlarla yatırmağa hazırlaşdığı bildirilir.

“Yeni Müsavat”

 

Bənzər yazılar

0.11200213432312