Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində qanunsuz olaraq odlu silah saxlayan və oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Beyləqan RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə qanunsuz olaraq odlu silah əldə edərək saxlamaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum edilmiş Həsən Əmirov saxlanılıb. Onun idarəsində olan avtomobilə baxış keçirilən zaman 1 ədəd "Makarov" markalı tapança və 1 ədəd həmin tapançaya məxsus daraq aşkar edilərək götürülüb.
Şöbə əməkdaşları tərəfindən keçirilən digər tədbirlərlə mal-qara oğurluğu ilə məşğul olmaqda şübhəli bilinən şəxs saxlanılıb. Araşdırmalarla həmin şəxsin rayon sakini Elnur Gülmalıyev olduğu müəyyən edilib. E.Gülmalıyev oğurladığı iribuynuzlu heyvanları dəyərindən ucuz qiymətə sataraq zərərçəkmiş şəxslərə 5 400 manat miqdarında ziyan vurub.
Adıçəkilən şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbirləri seçilib, araşdırmalar davam etdirilir.