Lənkəranda intihar edən stomatoloq, 1989-cu il təvəllüdlü Bağırov Müşfiq Zaman oğlunun ailəsi onun ölümü və istintaqla bağlı açıqlama verib.
“Kriminalqafqaz"a müraciət edən mərhumun ailəsi onun hədə-qorxu səbəbindən həyatına qəsd etdiyini bildirib:
“Hazırda faktla bağlı istintaq tədbirləri getdiyinə görə bəzi məsələləri tam açıqlaya bilmirik. Amma bir şeyi deyə bilərik ki, Müşfiqin boynuna külli miqdarda pul vəsaitini verməsini qoymaqla ona təzyiq edilib. Bu məcburiyyət qarşısında qalan Müşfiq valideynlərinə, yaxınlarına başına gələnləri bildirmək istəməyib və intihar edərək həyatına son qoyub. Bununla bağlı kifayət qədər dəlil-sübutlar da var.
Həmin sübutlar, yazışmalar, Müşfiqin istifadəsində olan mobil telefonu prokurorluq əməkdaşları tərəfindən araşdırılması üçün götürülüb. Hadisə baş verdikdən dərhal sonra Müşfiqin çiyələk biznesi ilə məşğul olması və bununla bağlı intihar edə biləcəyi barədə məlumatlar yayıldı. Bildirmək istəyirik ki, bu barədə deyilənlər məsuliyyətdən yayınmaq istəyən şəxslər tərəfindən ortaya atılan şayiələrdir. Müşfiq avtomobil biznesi ilə məşğul olub və stomatoloq kimi fəaliyyət göstərib. Onun atası və qardaşı da stomatoloqdur.
Biz Lənkəran prokurorluğundan, Baş prokuror Kamran Əliyevdən xahiş edirik ki, bu məsələ tam araşdırılsın, Müşfiqi intihara vadar edən şəxslər məsuliyyətə cəlb edilsin”.
Məsələ ilə bağlı Baş Prokurorluğun Mətbuat xidmətindən “Qafqazinfo”ya bildirildi ki, hazırda qeyd edilən faktla bağlı başlanılmış cinayət işi üzrə istintaq davam edir.