Uşaqlar dərsə gəlmir, direktora pul verirlər – Müəllimdən İTTİHAM

 09-05-2024

30 ildən çoxdur ki, ibtidai sinif müəllimi işləyirəm. Amma hazırda işlədiyim Sabunçu rayon, Bakıxanov qəsəbə ünvanında yerləşən 271 saylı tam orta məktəbin direktoru məni həyatımdan bezdirib.

2021-ci ildə müəllimlərin sertifikasiya imtahanında keçid balını yığa bilməmişdim, amma 29 avqust 2023-cü il tarixdə keçirilən imtahanda 40 imtahan və 21 müsahibə balı olmaqla cəmi 61 bal toplamışam. Buna baxmayaraq, neçə ildir Sabunçu rayon 271 saylı məktəbin direktoru Səbinə Qasımova mənə ibtidai sinif vermir və mən yalnız ibtidai siniflərə musiqi və texnologiya fənlərini tədris edirəm.

Bu sözləri Axar.az-a şikayətində 271 saylı tam orta məktəbin müəllimi Səltənət Zahid qızı Bağırova deyib.

“Məktəbimizin direktoru özünü məktəbə, pedaqoqa yaraşmayan tərzdə aparır, müəllimlər arasında ayrı-seçkilik salır, imkan düşdükcə məni, müəllimləri və digər işçiləri təhqir edir, aşağılayır. Hətta mənə bildirir ki, sənə sinif verməyəcəm, hara gedirsən get, kimə istəyirsən şikayət et, mən heç kimdən qorxmuram. Son günlər isə məni müxtəlif bəhanələrlə işdən qovacağı ilə hədələyir. Uzun müddətdir direktordan öz haqqımı tələb edirəm, amma təəssüflər olsun, mənim tələbimin heç biri təmin edilməyib. Əksinə, daim direktor tərəfindən şantaj olunur və basqıya məruz qalıram”, – şikayətçi bildirib.

S.Bağırova məktəbdə biabırçılıqların baş verdiyini qeyd edib:

“Məktəbi bir dəfə yoxlasalar, görərlər ki, necə biabırçılıqlar baş verir. 271 saylı məktəbin 10 və 11-ci sinif şagirdləri dərsə gəlmir, dərs saatlarının pulunu da müəllimlərlə direktor öz aralarında bölür. Bundan başqa, məktəbimizdə 7-ci saatın dərsləri də keçirilmir, məşğələlər olmur, direktor sözügedən dərs saatlarını münasib bildiyi müəllimlərin adına yazır və sonradan dərs saatlarına ödənilən pulları ona geri verirlər. Məktəbimizdə bağban ştatı var, amma maaşını direktor alır. Ayşən və Sevər adlı şəxslər də ştat cədvəlində xadimə kimi müqavilə bağlayıblar, sadəcə, faktiki olaraq laborant işləyirlər. Müəllimlərin sertifikasiyasından keçməyən dörd nəfər ibtidai sinif müəllimi iki aklad sinif aparırlar, mənə isə normal dərs saatı belə verilmir”.

Müəllim hətta məktəbi Sicilya mafiyasına bənzərdib:

“271 nömrəli məktəbdə Siciliya mafiyasına bənzər mafiya yaradılıb. Qocaman və daha təcrübəli Ofeliya Arazova gənc direktor Səbinə Qasımovanı tam idarə edir, kiminlə necə danışmaq, kimi sıxışdırmaq olar, hamısını o həll edir. Bir sözlə, mafiyanın başçısı Ofeliya Əkrəm qızı Arazovadır”.

Onun sözlərinə görə, direktor başqa müəllimləri də hədələyir, amma işdən çıxarılma təhlükəsinə görə hamı qorxusundan susur:

“Məktəbimizin müəllimlərinin tən yarısı direktor Səbinə Məmmədağa qızı Qasımovanın onlara münasibətindən çox narazıdırlar, bütün bunları onlar ikilikdə mənə etiraf edirlər və bildirirlər ki, işlərini itirəcəklərindən qorxduqları üçün susurlar. Ən dəhşətlisi isə odur ki, direktor ibtidai sinif müəllimələrindən birini evində nökər kimi işlədir, bunu da ərazidə hamı bilir. Onu da əlavə edim ki, direktor və müavini məni intihar həddinə çatdırıblar”.

Qeyd edək ki, məsələ ilə bağlı 271 saylı tam orta məktəbin direktoru Səbinə Qasımova ilə əlaqə saxladıq. Direktor iddiaları təkzib etdi və bildirdi ki, Səltənət Zahid qızı Bağırova Bakı şəhəri üzrə Təhsil İdarəsinə müraciət etməlidir.

Bənzər yazılar

0.11240100860596