Külək, sel və daşqınların təhlükəsini xəbərdarlıq rənglərindən bilmək olacaq

 08-05-2024

“Meteo.az mobil tətbiqini istifadə edəcək hər kəs olduğu ərazi üzrə hava durumu haqqında mütəmadi məlumat alacaq”.

Bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bu gün keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, yeni tətbiq ediləcək “Rəng xəbərdarlıq sistemi” şkalası ilə küləyin sürəti haqqında qiymətləndirmə hər kəsə mütəmadi göndəriləcək:

“Küləklərlə bağlı tətbiq edilən bu sistem gələcəkdə digər təhlükəli meteoroloji hadisələr üçün də sistemləşdiriləcək. Azərbaycanda ən çox küləkli havalar müşahidə olunduğundan ilk olaraq bunu pilot kimi götürmüşük. Növbəti mərhələdə - ilin sonuna qədər güclü istilər, daşqınlar, dolu, leysan, sel xarakterli hava hadisələri ilə bağlı da rəng şkalası ilə xəbərdarlıq sistemi tətbiq ediləcək”.

Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib ki, respublika ərazisində ən çox rastlaşdığımız təhlükəli atmosfer prosesləri güclü küləklər, qasırğalar hesab olunur.

O qeyd edib ki, belə güclü küləklər, əsasən, Bakıda və Abşeron yarımadasında, xüsusilə də Xəzər dənizinin Azərbaycan Respublikasına aid hissəsində müşahidə olunur:

“Müxtəlif dövrlərdə dəniz akvatoriyasında sürəti 40 metr/saniyəyə çatan güclü qasırğalar müşahidə edilib ki, bu da təsərrüfat sahələrinə zərər vurmaqla yanaşı, insan itkilərinə də səbəb olub”.

Bənzər yazılar

0.0553879737854