Yükdaşıma xidmətləri ilə məşğul olan “R Group Azerbaijan” şirkətinin rəhbəri Rəmiş Cəfərovun və atası Zəkrəm Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən hazırlıq iclasında məlum olub ki, Rəmiş Cəfərov həbsdə olduğu müddətdə hüquq-mühafizə orqanlarına daxil olan şikayətlər əsasında atası Zəkrəm Cəfərov barəsində də cinayət işi başlanıb.
Zəkrəm Cəfərov bir neçə nəfərə qarşı dələduzluq etməkdə ittiham olunur. Yerli məhkəmə təqsirləndirilən şəxsin yaşını nəzərə alaraq barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçib.
Bugünkü prosesdə Zəkrəm Cəfərov çıxış edərək vəkili olmadığını deyib.
Buna görə hazırlıq iclası avqustun 26-na kimi təxirə salınıb.
Xatırladaq bu il fevralın 17-i səhər saatlarında “R Group Azerbaijan” şirkətinin sürücüləri Heydər Əliyev prospektində yolu bağlayıblar. Nəticədə saatlarla süni tıxac yaranıb. Hadisə ilə bağlı Rəmiş Cəfərov, Mirələm Məmmədov, Bəxtiyar Məmmədov və Elvin Məlikov polis əməkdaşları tərəfindən saxlanılıblar.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi ilə cinayət işi başlanılıb.
Məhkəmənin qərarı ilə Rəmiş Cəfərovun barəsində 2 aylıq həbs qətimkan tədbiri qərarı çıxarılıb. Digər şəxslər isə 30 sutka həbs olunublar.
Daha sonra Rəmiş Cəfərovun Belarus vətəndaşı Yuriy Qnoyanikə məxsus 37 min ABŞ dollarından çox dəyəri olan yükü ələ keçirdiyi, Anar İsgəndərov, Elman Əkbərov, İftixar Mehdiyev və Əlikram Məmmədov adlı vətəndaşlara məxsus ümumilikdə 68 min ABŞ dolları dəyərində mal və məhsulların daşınmasında onlara maddi ziyan vurduğu üzə çıxıb.
Habelə analoji qanunazidd hərəkətlərlə bağlı Alim Hüseynovun da şikayətçi olduğu məlum olub.