İkinci yazı
Məlum olduğu kimi son günlər nazir Kamaləddin Heydərov ətrafında baş alıb gedən qeyri-rəsmi, əsassız yazılar bitib tükənmək bilmir.
Bir də baxırsan ki, burnunun seliyi axan bulvar jurnalisti Kamaləddin Heydərovu istefaya göndərir. Başqa bir jurnalist Fövqəladə Hallar Nazirliyini ləğv edir, onun yerli orqanlarını strukturlar arasında bölüşdürür.
Görəsən onlara bu səlahiyyəti verən kimdir?
Yeri gəlmişkən bu mövzuya toxunan jurnalistlərdən soruşmaq lazım gəlir:
Hörmətli media nümayəndələri bilin və agah olun ki, əsl jurnalist adını daşıyan, əli qələm tutan yazar belə əsassız yazıları ilə özünə yalnız ümumxalq nifrəti qazandırır.
Mətbuatı cəmiyyətin güzgüsü adlandıran Həsən Bəy Zərdabi əgər bilsəydi ki, 140 il əvvəl əsasını qoyduğu mətbuatın son aqibəti belə olacaq, mətbuat bir ovuc alverçi jurnalistin təsiri altına düşəcək, o, bu addımı atıb “Əkinçi” qəzetini çap etməzdi.
O tövsiyə edirdi ki, qəzetçi düzü düz, əyrini əyri yazmalıdır. Lakin təəssüflə də olsa qeyd edilməlidir ki, hazırda məmləkətimizdə mətbuatda dərc edilən istər tərif və ya tənqid olsun bütün materiallar kimlərinsə sifarişi ilə icra olunur.
Sifariş elementləri Kamaləddin Heydərov barəsində gedən yazılarda da özünü qabarıq göstərir. Lakin Kamaləddin Heydərov şər-böhtan, qarayaxma olduğundan barəsində səsləndirilən qondarma ittihamların heç birinə reaksiya vermir. Düz də edir. Otuz bir il keçmiş SSRİ-yə rəhbərlik edən İosif Stalin çıxışlarının birində vurğulamışdı ki, “ən böyük təhqir saymamazlıqdır”.
Cənab yazarlar, Sizlərin hansı orqana, quruma qulluq etməyiniz bəlli deyil. Lakin bəlli olan təkcə budur ki, Siz açıq-aşkar ölkədə sosial gərginlik, qarşıdurma yaratmağa çalışırsınız.
Sual olunur, ölkədə baş alıb gedən özbaşınalıqdan, talançılıqdan, dələduzluqdan, narkomaniyadan millətimizin rəzil vəziyyətindən, yoxsulluğundan və işsizliyindən nə əcəb yazmırsınız, məqsədiniz nədir, bəlkə təmənnanız var?
Medianın fəaliyyəti üzərində nəzarət hüququ olan qurum rəhbərlərinə sual vermək istəyirik:
Hörmətli cənablar, xalqı, oxucuları təngə gətirən bu əsassız yazılara nəyə görə laqeyid yanaşırsınız, niyə tədbir görmürsünüz, nəyə görə heç bir saytı cəzalandırmırsınız?
Cavab birmənalıdır:
Çalışdığınız qurumun yalnız adı var, fəaliyyəti yoxdur:
Yuxarıda qeyd etdiyimiz kimi Kamaləddin Heydərov sözün indiki mənasında barəsində yazılan cızma qaraların heç birinə əhəmiyyət vermir, öz gərgin işlərini davam etdirir, bölgələrimizin bir çox ərazilərini cənginə alan yanğınların söndürülməsinə rəhbərlik edir və fəaliyyətinin bütün sahələrində aramsız uğurlara imza atır.
Konstitusiyamızın 40-cı maddəsində deyilir ki, xəbərdarlıq edilmədən yazılan səs yazısı, çəkilən video və foto şəkil yolverilməz hesab olunur.
Bax, bu mənada 2014-cü ildə FHN-də baş vermiş xoşagəlməz olayın günahkarları layiq olduqları cəzanı artıq alıblar.
O ki, qaldı nazir Kamaləddin Heydərova, onun bu işə görə nə məsuliyyəti var, nə də cavabdehliyi. Təkcə Azərbaycanda yox, dünyanın bir çox ölkələrində belə hallar baş verir, hətta eşq məcarələri yaşayan cütlüklərin bir çox hallarda nigahdankənar övladlarının dünyaya gəlməsi faktları da mövcuddur.
Nazir Kamaləddin Heydərov aydan, günəşdən də pak, əxlaqlı, təşkilatçılıq istedadı olan bir ziyalı şəxsiyyətdir. O, xeyirxahlığına, humanistliyinə və səxavətinə görə ümumxalq məhəbbəti qazanmışdır.
Ən sonda qeyd etmək yerinə düşər ki, o, istər Respublika Gömrük Komitəsinin ilk sədri, habelə Respublikada ilk dəfə yaradılan Fövqəladə Hallar naziri vəzifələrinə unudulmaz Heydər Əliyevin xeyir-duası ilə təyin olunmuşdur.
Ağsaqqal ziyalı kimi bir daha tövsiyə edirəm: Gəlin haqqı nahaqqa qurban verməyək.
Böyük Nəsimi demişkən “Haqdan qaçan haqqa çatmaz”.
Unutmayaq ki haqqın dərgahına qovuşanda hər birimizdən bunu soracaqlar.
Qələmə aldı: Tofiq İsmayılov