Məktəblərdə qadın “ekspansiyası”, pul, YAZILMAMIŞ QANUN: “Vicdanlı adam üçün bu heç nədir”

 21-08-2022

Uzun illərdi ki, bütün dünyada qadın müəllimlərin sayı kişilərlə müqayisə çox idi. Son dövrlərdə bəzi ölkələrdə əks-tendensiya müşahidə olunmaqdadır. Buna da əsas səbəb kimi oğlan uşaqlarına kişi xarakterini aşılamaq, onlara problemli vəziyyətdə necə davranmağı öyrətmək göstərilir.

Həmin ölkələrdən fərqli olaraq Azərbaycanda bu sahədə “uçurum” müşahidə olunur - pedaqoqların 81 faizini qadın müəllimlər təşkil edirlər. Bu tendensiya da getdikcə artır.

Bəzi şəxslər məktəblərdə baş verən xoşagəlməz halları kişi müəllimlərinin sayının azlığı ilə bağlayırlar. Kişi cinsindən olan abituriyentlərin peşə seçimi edərkən müəllimliyə üstünlük verməməsinin başlıca səbəblərini həm bu peşənin daha çox qadın peşəsi kimi tanınması, həm də sosial qayğıları tam qarşılaya bilməməsi ilə əlaqələndirirlər.

Xatırladaq ki, Azərbaycanda 4 447 orta ümumtəhsil məktəbində 150 min müəllim çalışır. Onların da cəmi 19 faizini kişilər təşkil edir.

Bəs görəsən, Azərbaycanda kişi müəllimlərin sayının azlığı nədən qaynaqlanır və bu problemin həlli istiqamətində nələr edilməlidir?

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Anar İsgəndərovun sözlərinə görə, qadın müəllimlərin sayının çox olması təbii haldır: “Bu məsələ nə faciədir, nə də ağrılı proses. Yalnız problem hesab olunur. Dünyanın inkişaf etmiş əksər ölkələrində qadınlar məktəblərdə, kolleclərdə, liseylərdə üstünlük təşkil edirlər. Azərbaycanda da bu proses davam edir. Heç kim inkar edə bilməz. Dünyanın hər yerində eyni vəziyyətdir”.

A.İsgəndərov əlavə edib ki, qadınların daha çox müəllim olmaq istəməsinin obyektiv səbəbləri var, bu, yazılmamış bir qanundur:

“Mən orta məktəbdə oxuyanda müəllimlərimin əksəriyyəti kişi olub. Kişilərin üstünlüyünün vurğulanması düzgün deyil. Heç bir zaman qadın müəllimlərlə bağlı danışanda o fərqi görməmişəm. “Kişi qadından güclüdür” ifadəsi doğru deyil. Başqa bir məsələ var ki, qadınlar daha çox müəllim olmaq istəyirlər və onlar zərif məxluqlardır. Qadın müəllimlər üçün ucqar dağ kəndlərində işləmək çətindir.  Qadınların üstünlüyünün qarşısını almaq üçün yollar fikirləşməliyik. Bu gün nə qədər fanatik müəllimlərimiz olsa da, insanların, təbii ki, qayğıları, ehtiyacları və tələbləri var. Əvvəlki illərlə müqayisədə müəllimlərin maaşı da kifayət qədər artıb”.

İsmayıllı rayonu İstisu kənd tam orta məktəbinin ibtidai sinif müəllimi Şahid Muradlının sözlərinə görə, maaş azlığı səbəbindən kişilər müəllimlikdən uzaqlaşıblar: “Son illər kişi müəllimlərin sayında az da olsa artım müşahidə olunur. Doğrudur, balans hələ də xanımların xeyrinədir. Lakin birbaşa səbəb bununla əlaqədardır. Xüsusilə 1990-cı illərdən etibarən maaş azlığı səbəbindən kişilər artıq müəllimlikdən uzaqlaşmağa başlayıblar. Öz təcrübəmdən bunu deyə bilərəm”.

Ş.Muradlının fikrincə, müəllimlərin məvacibi artırılsa, məktəblərdə kişilərin sayı çoxalacaq: “Bu zaman kişi sevə-sevə müəllim olacaq. Qadın və kişi müəllimlər də problemlə üzləşməyəcəklər. Yeddi ildir ki, bu məktəbə gəlmişəm. Uşaqların dərsə marağı çox yaxşıdır. Bu, vacib amildir. Məktəb binasının vəziyyəti yüksək səviyyədə deyil. Amma düşünürəm ki, bu mənə və müəllim yoldaşlarıma bir maneçilik törətmir. Öz işini vicdanla yerinə yetirən adam üçün bu heç nədir. Problemi həll etməyə çalışmalıyıq”.

Qeyd edək ki, 2009-2010-cu tədris ilində ümumi müəllimlərin sayı 161 min 299, kişi müəllimlərin sayı isə 37099, 2014-2015-ci tədris ilində ümumi müəllimlərin sayı 149 min 602, kişi müəllimlərin sayı isə 31 min 416, 2019-2020-ci tədris ilində ümumi müəllimlərin sayı 141 min 749, kişi müəllimlərin sayı 24097 olub.

Göründüyü kimi, illər üzrə həm müəllimlik peşəsini seçənlərin, həm də bu peşəni seçən kişilərin sayında azalma olub.

Bənzər yazılar

0.20445799827576