Dmitri Stratiyevski: “Ukraynadakı hadisələr güclərin tükənməsi müharibəsidir”

 20-08-2022

“Fitch” agentliyi artıq Ukraynadakı müharibənin 2023-cü ildə də davam edəcəyini proqnozlaşdırır. Bununla belə daha uzun müddət üçün proqnozlar da səslənir.

Bu və bir çox başqa mövzularla bağlı alman politoloq, Berlin Şərqi Avropanın Öyrənilməsi Mərkəzinin direktoru Dmitri Stratiyevski ilə söhbət edib.

“Düşünürəm ki, Ukrayna rəhbərliyinin vəzifəsi Rusiya Federasiyasını elə şəraitə salmaqdır ki, müharibəni ən azı indiki intensivliyi ilə davam etdirə bilməsin. Rusiya Federasiyasındakı maddi xərclər və iqtisadi vəziyyət səbəbindən bu, sadəcə mümkün olmasın.

Bəli, bu, güclərin tükənməsi müharibəsidir, lakin hazırda Ukraynanın sadəcə olaraq başqa yolu yoxdur. Çünki Rusiya Federasiyası rəhbərliyinin iştahaları, gördüyümüz kimi, sonsuzdur. Ciddi britaniyalı analitiklərin, etibarlı mənbələrin bildirdiyinə görə, hərbi əməliyyatlar, təbii ki, müxtəlif intensivlik dərəcələri və müvəqqəti atəşkəslərlə səkkiz-on il davam edəcək”, - deyə politoloq bildirib.

“Mən razıyam ki, Ukraynada bu cür döyüşlər uzun illər davam edə bilər. O vaxta qədər ki, Rusiyada, ilk növbədə rus elitasında müharibənin çox baha başa gəldiyi ilə bağlı fikir formalaşsın”, - deyə Stratiyevski əlavə edib.

Sanksiyalar və onların təsir gücü ilə bağlı suala cavabında o bildirib ki, Rusiya Federasiyası əhalisinin əksəriyyəti hələ də sanksiyaların nəticələrini öz üzərində hiss etmir.

“Apple”ın Rusiyadan getməsinə indi çətin ki, Kostroma vilayətinin hansısa kəndində kimsə diqqət yetirsin. Amma tədricən bu, hiss olunmağa başlayacaq. Dəmiryolu daşımaları, hava nəqliyyatı, təchizat və Rusiya Federasiyası sənayesində Qərb texnologiyalarından asılılıq faktoru mövcuddur”, - deyə politoloq qeyd edib.

O, həmçinin bildirib ki, Rusiya qlobal hərbi məğlubiyyət yaşamayacaq.

“Təəssüf ki, iki dövlətin hərbi texnikası bir-birinə uyğun gəlmir. Rusiya Federasiyası hələ də sovet dövründən qalma böyük texnika ehtiyatına sahibdir. Amma Kremldə praqmatiklər də var. Və bu müharibə çox bahalaşarsa, o zaman başa çata bilər. Artıq onda sülh müqavilələri və modelləri haqqında danışmaq mümkün olacaq. İndi danışıqlar masası arxasında sadəcə olaraq danışılacaq mövzu yoxdur”, - deyə Dmitri Stratievski fikrini tamamlayıb.

Nair Əliyev

Bənzər yazılar

0.20561909675598