Əli Məsimlidən TƏKLİF: “Qadınların pensiya yaşı kişilərlə müqayisədə aşağı salınsın”

 17-04-2024

Rəsmi statistikaya əsasən, Azərbaycanda ötən il ərzində 60 min 810 nəfər vəfat edib. Vəfat edənlərin 33 min 157 nəfərini kişilər, 27 min 653 nəfərini isə qadınlar təşkil edib.

Kişilərin 47,8%-i və ya 15 min 872 nəfəri 65 yaşına çatmadan ölüb. Rəqəmlərdən də göründüyü kimi, az qala 50 faizə yaxın insan 65 yaşına çatmadan dünyasını dəyişir. 

Bu vəziyyət pensiya yaşının azaldılması məsələsini yenidən gündəmə gətirib.

Bəs pensiya yaşı aşağı salınmalıdır?

Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli Bizim.media-ya mövzu ilə bağlı danışıb. 

O, Azərbaycanda pensiya yaşının artırılıb 65-ə çatdırıldığı vaxtdan yaş məsələsinin daha çox müzakirə obyektlərdən birinə çevrildiyini bildirib:

“Məsələ ilə bağlı rəsmi dairələrin baxışları ilə cəmiyyətinki köklü surətdə fərqlənir. Cəmiyyətdə belə bir fikir formalaşıb ki, yaşlı insanların xeyli hissəsinin sağlamlıq durumu və digər bu kimi amillər imkan vermədiyindən, təqaüdə çıxmaq üçün müəyyənləşdirilən 65 yaş çox böyükdür və pensiya yaşı aşağı salınmalıdır. Rəsmi dairələrin nümayəndələri isə belə hesab edirlər ki, ölkəmizdə orta ömür uzunluğu artdığından, Azərbaycan uzunömürlülər diyarı olduğundan, eləcə də müəllim və həkimlər təqaüd yaşından sonra da qalıb işləmək istədiyindən pensiya yaşının artırılması düzgün addımdır. 

Rəsmi dairələrin nümayəndələrinin gətirdikləri həmin arqumentlərə müqayisəli təhlil və beynəlxalq praktika prizmasından baxdıqda məlum olur ki, burada müəyyən həqiqət payları olsa da, ümumən vəziyyət heç də elə deyil... 

Azərbaycanda pensiya yaşının 65-ə çatdırılması üçün orta yaş 2017-ci ildə rəsmən elan olunduğu 72 yaşdan azı 5 yaş, hətta indiki 76 yaşdan da 1-2 yaş yuxarı olmalı idi. Çünki 65 yaş və ondan bir-iki il yüksək pensiya yaşı tətbiq edən ölkələrin əksəriyyətində orta ömür uzunluğu 80 yaş və ondan yüksəkdir. Bizdə isə rəsmi statistikaya görə, orta ömür uzunluğu 2017-ci ildə 72 yaş, 2021-ci ildə 73 yaş, 2022-ci ildə isə dediyimiz kimi, 76 yaş olub”. 

Əli Məsimli bildirib ki, Azərbaycanda istər kişilərdə, istərsə də qadınlarda sağlam ömür uzunluğu göstəricisi orta ömür uzunluğu göstəricisindən aşağıdır:

“Azərbaycan nə vaxtsa uzunömürlülər diyarı sayılıb. Amma indi pensiya yaşına çatmamış ölənlərin sayı barədə mətbuatda yer alan rəqəmlər müxtəlif olsa da, bu bir faktdır ki, Azərbaycanda yaşlı əhalinin, xüsusən də kişilərin bir hissəsi pensiya yaşına çatmamış və həmin yaşa çatandan bir neçə il sonra dünyasını dəyişir. 

70 və ondan yuxarı yaşı olan insanların sayı ölkəmizin əhalisinin 4,6 faizini təşkil edir. Onların arasında uzunömürlü sayılan, yəni yaşı 90-dan yuxarı olanların sayı isə çox azdır. Azərbaycanda əhalinin hər 1000 nəfərinə düşən pensiyaçıların sayının, MDB ölkələrinin xeyli hissəsinin müvafiq göstəricilərindən aşağı olması göstərir ki, bir sıra MDB dövlətləri ilə müqayisədə Azərbaycanda orta ömür uzunluğu aşağı, pensiya yaşı isə yuxarıdır”. 

Deputat müəllim, həkim və digər kateqoriyalardan olan insanların pensiyaya çıxmaq istəməməsi məsələsinə də münasibət bildirib. 

O, pensiya yaşı çatanların heç də hamısının müəllim və həkimlərdən ibarət olmadığını qeyd edib:

“Müəllim, həkim və digər kateqoriyalardan olan insanlar ona görə pensiyaya çıxmaq istəmir ki, onların əksəriyyətinin aldığı təqaüdün məbləği aşağıdır. Əgər müəllim və həkimlərin əksəriyyətinə yaxşı maaş və ona uyğun da yaxşı pensiya verilsə, çətin ki, onların çoxu təqaüd yaşı çatandan sonra da qalıb işləmək istəyində olsun.

Yaşa görə pensiyanın orta aylıq məbləği 500 manat ətrafına çatdırılsa da, təqaüdçülərin yarıya qədərinin aldığı 360 manatdır. Pensiyaya çıxandan sonra insanlara normal həyata maddi təminat verən və yaşlı insan üçün tələb olunan qədər dava-dərmanın alınmasına yetərli olan məbləğdə pensiya verilsə, yaşlı insan işlədiyi qurumun rəhbərinə və ya sözükeçən kimisə tapıb, ona ağız açmaz ki, bir il də qalıb işləməsinə şərait yaradılsın”.

Deputat qeyd edib ki, ölkədə fəaliyyət göstərən pensiya sisteminin beynəlxalq praktikada uğurlu nümunələri olsa da, Azərbaycan reallıqları şəraitində tətbiq edilən variant müsbət cəhətləri ilə yanaşı, həm də xeyli dərəcədə qüsurludur:

“Ona görə sığorta-pensiya sisteminin hazırkı variantı bir sıra cəhətlərinə görə hələ xeyli müddət getdikcə daha çox dərəcədə özünü doğrultmayacaq. Bu özünü pensiya yaşı çatmış əhalinin getdikcə daha çox hissəsi üçün pensiyanın əlçatan olmaması və əvəzində xalq arasında qocalıq müavinəti adlandırılan yaşa görə müavinət alması timsalında daha qabarıq göstərəcək. 

Azərbaycanda pensiya yaşının 65-ə çatdırılması ölkəmizdəki real ömür uzunluğuna uyğun deyil. Ona görə də hazırkı demoqrafik, sağlamlıq durumu və digər reallıqlar şəraitində ölkəmiz üçün pensiya yaşının qadın və kişilər üçün 65 yox, qadınlar üçün 60, kişilər üçün isə 63 yaş olması daha məqbul variantdır”. 

Əli Məsimli vurğulayıb ki, rəsmi dairələrin nümayəndələri öz çıxışlarında açıqca bildirirlər ki, hazırda pensiya yaşının azaldılması məsələsi gündəmdə deyil:

“Belə şəraitdə yaşlı nəslin sosial təminatını gücləndirməkdən ötrü pensiya kimi ağır və cəmiyyət üçün çox taleyüklü məsələnin bütün ağırlığı bir nazirliyin üstünə atılmamalı, mövcud pensiya sisteminin və pensiyaçıların vəziyyətinin obyektiv, dərin təhlilləri aparılmalı, eləcə də bu sahədə mövcud olan problemlərin həlli islahatların dərinləşdirilməsi yolu ilə sürətləndirilməlidir. 

Bu kontekstdə bir neçə məsələnin həllinin sürətləndirlməsini vacib hesab edirik: birincisi, yaşamağa başladığımız yeni mərhələnin məntiq, tələb və gözləntilərinə uyğun və həm də ümumi islahatların mühüm tərkib hissəsi kimi pensiya əlçatanlığının optimallaşdırılması əsasında elə bir pensiya sistemi formalaşdırmaq lazımdır ki, müəyyən kateqoriyalara aid insanlar pensiya yaşına çatandan sonra da iş qabiliyyəti göstəriciləri konkret tələblərə cavab verirsə, qalıb bir müddət də işləməsinə şərait olsun.

Vətəndaş konkret müddətlərdə ağır, orqanizm üçün ziyanlı işlərdə çalışıbsa, sağlamlıq durumu işi davam etdirməyə imkan vermirsə və ya hansısa səbəbdən pensiyaya tez çıxmaq tələbatı yaranıbsa, bu hallarda “yaşı çatmır” deyə, sağlamlığını qurban vermək hesabına pensiya yaşı çatana qədər bir neçə il də o cür ağır durumda işə sürünməyə məcbur edilməsin. 

Bu kateqoriyaya aid olan insanlar üçün də pensiya yaşından əvvəl pensiyaya çıxmasına real şərait yaradılması istiqamətində son vaxtlar başlanan güzəştli şərtlərlə pensiyaya çıxma hüququ olan vətəndaşların siyahısının genişləndirilməsi işinin davam etdirilməsini vacib hesab edirik. 

İkincisi, son vaxtlar qanunvericilikdə edilən dəyişikliyə əsasən, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş səkkiz yaşınadək övladlığa və ya qəyyumluğa götürülmüş uşaqlar da daxil olmaqla 5 və daha çox uşağı olan, yaxud əlilliyi müəyyən edilmiş uşağı olan qadınların 5 il tez pensiyaya çıxmaq hüququ yaranır”. 

Parlamentari hesab edir ki, həmin kateqoriyaya aid qadınlara 5 il qabaq pensiya çıxmaq hüququnun verilməsi qaydasının 5 və daha çox uşağa deyil, 3 və daha artıq övladları olan valideynlərə şamil olunması daha məqsədəuyğun olardı:

“Üçüncüsü, minimum pensiya 200 manat olanda, insanların pensiya hüququ qazanması üçün ən azı 28800 manat pensiya kapitalı, minimum pensiya 240 manat olanda - ən azı 34 560 manat pensiya kapitalı toplamaq tələb olunurdusa, minimum pensiya 280 manata çatdırılandan sonra insanların pensiya hüququ qazanması üçün ən azı 40 320 manat pensiya kapitalı toplamaq tələb olunur. Yəni minimum pensiyanın 40 manat artması insanların pensiya almaq hüququ qazanması üçün tələb olunan pensiya kapitalının məbləğinin hər dəfə müvafiq surətdə 5760 manat artmasına səbəb olub. 

Həmin əlavə məbləğdə pensiya kapitalı toplamaq üçün orta statistik azərbaycanlıya xeyli əlavə illər tələb olunur. Bu sahədə təkmilləşdirmələr aparmaq lazımdır ki, həmin üsulun tətbiqi nəticəsində pensiya kapitalı tələbinin məbləğinin sürətlə artması pensiyaya hazırlaşan yaşlı insanların bir hissəsinin pensiyaya çıxmasının qarşısında səddə çevrilməsin. 

Dördüncüsü, orta ömür uzunluğu göstəricisi kişilərdən yüksək olsa belə, beynəlxalq praktikada xeyli ölkələrdə, bir qayda olaraq, qadınların pensiya yaşı aşağı götürülür.

Ona görə də ölkəmizdə qadınların pensiya yaşının qaldırılmasının davam etdirilməsini düzgün hesab etmirik. Qadınların pensiya yaşının kişilərdən aşağı götürülməsi praktikasının bizdə də tətbiq edilməsini zəruri hesab edirik”.

Bənzər yazılar

0.055284976959229