Aytən Səfərovanın düşdüyü qəzada qabırğaları sınıb 

 17-04-2024

Aparıcı Aytən Səfərova ağır avtomobil qəzasına düşüb. 

Bu barədə A.Səfərova Bizim.Media-ya açıqlamasında bildirib. 

O qısa olaraq vurğulayıb ki, qəza nəticəsində müxtəlif bədən xəsarətləri alıb.

Hazırda müayinə üçün o, Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilib.

Aparıcı səhhətinin ağır olduğunu qeyd edib. 

Teleqraf.com-a bu gün qəzaya düşən aparıcının həyat yoldaşı Nazim Piriyev deyib ki, Aytən Səfərovanın iki qabırğası sınıb.

O, qəzanın necə baş verməsindən danışıb:

“Aytən xanım öz yolu ilə gedirmiş. Qarşı tərəf qırmızı işıqda keçib, həyat yoldaşımın avtomobili ilə toquşub və maşın aşıb”.

Qeyd edək ki, bu gün səhər radələrində Xətai rayonunun 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində İsmayıl Məmmədovun idarə etdiyi “Hunday İX-35” markalı avtomobillə Aytən Səfərovanın idarə etdiyi avtomobil toqquşub.

Nəticədə İ.Məmmədovun idarə etdiyi avtomobildə olan sərnişin Ayxan Əliyev aldığı bədən xəsarətləri nəticəsində xəstəxanaya yerləşdirilib və orada ölüb.

Tanınmış aparıcı Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB məlumat yayıb. 

Qurumdan  bildirilib ki, hadisə nəticəsində xəsarət alan 2 nəfər (kişi cinsli) Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdiriliblər.

2003-cü il təvəllüdlü şəxsə başın digər hissələrinin səthi travması, boynun səthi travması diaqnozları təyin edilib. Vəziyyəti stabil qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb.

2006-cı il təvəllüdlü şəxsə isə baş-beyinin ocaqlı travması, döş qəfəsinin səthi travması, boğazın digər və dəqiqləşdirilməmiş travmaları və s. diaqnozlar təyin edilib. Həkimlərin səylərinə baxmayaraq, Reanimasiya şöbəsinə yerləşdirilən şəxsin həyatını xilas etmək mümkün olmayıb.

“Aprelin 17-də saat 7 radələrində Xətai rayonunun 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində İsmayıl Məmmədovun idarə etdiyi “Hyundai ix-35” markalı avtomobillə Aytən Piriyevanın (Səfərova) idarə etdiyi avtomobil toqquşub”.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı məlumat verib.

Nəticədə İ.Məmmədovun idarə etdiyi avtomobildə olan sərnişin Ayxan Əliyev aldığı bədən xəsarətləri nəticəsində xəstəxanaya yerləşdirilib və orada ölüb. 

Faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırma aparılır.

Bundan başqa, tanınmış aparıcı Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı cinayət işi açılıb.

Baş verən yol-nəqliyyat hadisəsi üzrə Xətai Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2 maddəsi ilə cinayət işi qaldırılıb, istintaq hərəkətləri aparılır.

Qeyd edək ki, CM-in 263-cü maddəsi yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma üzrə halları ehtiva edir.

263.2 maddəsinə görə, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

 

 

Bənzər yazılar

0.15308690071106