"Yelo Bank" ASC 2024-cü ilin I rübünün maliyyə hesabatını açıqlayıb.
“Yeni Sabah.az” xəbər verir ki, 2024-cü ilin birinci rübündə “Yelo Bank” 28% kiçilib. Belə ki, cari ilin aprel ayının 1-nə bankın cəmi aktivləri ilin əvvəli ilə müqayisədə 27.8% və ya 435.6 milyon manat azalaraq 1 milyard 130.8 milyon manata bərabər olub. Bankın aktivlərinin 71%-ni (802.5 milyon manat) müştərilərə verilmiş kreditlər təşkil edir.
Cari ilin üç ayı ərzində hüquqi şəxslər (şirkətlər) 500 milyondan çox depoziti bankdan geri götürüblər. Belə ki, hüquqi şəxslərin depozitləri ilin əvvəlindən 3,4 dəfə və ya 506.8 milyon manat azalaraq 213,7 milyon manat olub.
Bankın ümumi depozit portfeli isə ilin əvvəlindən 35.2% və ya 454.8 milyon manat azalaraq 837 milyon 248 min manat təşkil edib. Bankın depozitlərinin kəskin azalması nəticəsində təşkilatın nağd pul vəsaitləri 3 dəfə azalıb. Beləliklə bankın nağd pul vəsaitləri 3 dəfə və ya 455.3 milyon manat azalaraq 231.9 milyon manata enib.
2024-cü ilin aprel ayının 1-nə “Yelo Bank”ın öhdəlikləri ilin əvvəlinə nisbətən 30.7% azalaraq 1 milyard manata, cəmi kapitalı isə 14.5% artaraq 113.4 milyon manata bərabər olub.