Uşağınızla “sən”lə yox, “mən”lə danışın...

 01-04-2024

Cəmiyyətdə ən çox qarşılaşdığımız problemlərdən biri də bir-birimizi başa düşməmək, ya da səhv başa düşməkdir. Təbii ki, bu təkcə cəmiyyət üçün yox, ailə üçün də belədir.

Digər tərəfdən, təhlükə səviyyəsi ailədə cəmiyyətlə müqayisədə daha yüksəkdir. Ona görə də, bu cür problemlərin baş verməməsi üçün, ilk növbədə, tərəflər özlərini düzgün ifadə etməyi bacarmalıdırlar.

Əgər məsələyə valideyn-uşaq prizmasından baxsaq, yenə də eyni mənzərənin şahidi olarıq. Belə ki, valideyn özünü düzgün ifadə edə bilmirsə, deməli, uşaq da necə hərəkət edəcəyini bilmir. Və bunun nəticəsi olaraq da uşaq səhv hərəkət etmək məcburiyyətində qalır. Bu isə tədricən valideyn-uşaq münasibətlərinin pozulmasına gətirib çıxarır. Ona görə də, valideyn özünü düzgün ifadə etməli və bunun üçün “sən” dilindən yox, “mən” dilindən istifadə etməlidir. Elə isə “sən” dili və ya “mən” dili nədir?

Əvvəlcə “sən” dili haqqında... “Sən” dilinin ən böyük problemi ittihamedici dil olmasıdır. Başqa sözlə, “sən” dili məsələnin asanlaşdırılmasına yox, çətinləşdirilməsinə xidmət edir. Digər tərəfdən, “sən” dilindən istifadə edən tərəf üzərinə heç bir məsuliyyət götürmür, əksinə bütün məsuliyyəti qarşı tərəfin üzərinə qoymağa çalışır. İndi də “sən” dili ilə bağlı bir neçə misal:

1) “Sən” uşaq kimi hərəkət edirsən;
2) “Sən” həmişə gec yatırsan;
3) “Sən” tökdüklərini yığışdırmırsan və s.

Misallardan da göründüyü kimi burada əsas hədəf qarşı tərəfdir. Başqa sözlə, bu cümlələr qarşı tərəfi məsələyə yaxınlaşdırmaq üçün yox, uzaqlaşdırmaq üçündür. Nəticədə, məsələ həll olunmaq əvəzinə, daha da dərinləşir. Ən təhlükəlisi isə, valideyn bu cür cümlələrlə ya uşağı həddindən artıq passivləşdirir, ya da həddindən artıq aktivləşdirir.

“Mən” dilinə gəlincə, “sən” dilinin əksinə “mən” dili ittihamedici bir dil deyil. Digər tərəfdən, “mən” dilindən istifadə edən tərəf məsuliyyəti qarşı tərəfin üzərinə qoymur, əksinə bütün məsuliyyəti öz üzərinə götürməyə çalışır. Həmçinin, valideynindən bu cür münasibət görən uşağın yuxarıdakı mənada passivləşmək və ya aktivləşmək qorxusu da yoxdur.

Bir sözlə, valideyn hər hansı bir problem yaşayırsa, bunu mütləq “mən” dili ilə ifadə etməlidir. Ancaq belə olduqda, problemin çətinləşdirilməsindən yox, asanlaşdırılmasından danışmaq olar. Bir də unutmayın ki, “sən” dilindən istifadə etməklə qurduğunuz hər cümləni “mən” dili ilə də qurmaq olar.

İndi isə yuxarıda “sən” dili ilə verdiyimiz cümlələri “mən” dili ilə də verməyə çalışaq:

1) “Mən” uşaq kimi hərəkət etməyi sənə layiq görmürəm;
2) Sən həmişə gec yatanda “mən” narahat oluram;
3) “Mən” sənin tökdüklərini yığışdıranda çox yoruluram və s.

Beləliklə, özünü “mən” dili ilə ifadə etməyə çalışan valideyn bu cümlələrlə uşağını məsələdən uzaqlaşdırmaqdan çox, yaxınlaşdırır. Digər tərəfdən, valideyn bu cümlələrlə uşağı ilə “gələcək danışıqları” üçün də zəmin hazırlayır.

Qeyd: Valideyn “mən” dilindən istifadə edərkən həm səs dilinə, həm də bədən dilinə xüsusi diqqət yetirməlidir. Əks halda, bu “mən” dilinin “sən” dilindən heç bir fərqi qalmaz.

Aygün Vəliyeva

Bənzər yazılar

0.16614985466003