Natiq Qasımova “Azərbaycanın Milli Qəhrəmanı” adı verildi – Sərəncam

 25-06-2024

Prezident İlham Əliyev Natiq Qasımova “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi ilə bağlı Sərəncam imzalayıb.

Sərəncamla Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə Natiq Səlim oğlu Qasımova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib (ölümündən sonra).

Qeyd edək ki, Birinci Qarabağ müharibəsində itkin düşmüş döyüşçü Natiq Qasımov 1971-ci il yanvarın 2-də Gədəbəyin Kiçik Qaramuradlı kəndində dünyaya gəlib. 

Bir müddət sonra ailəsi ilə birlikdə Mingəçevirə köçüb. Natiq Qasımov ailədə 2 qardaş, 2 bacı olub. Məktəbi bitirdikdən sonra Azərbaycan DRES-də çilingər, kinoteatrda kinomexanik işləyib. Rusiyanın Krasnoyarsk vilayətində Daxili Qoşunlarda hərbi xidmət yolu keçib.

Xocalı faciəsində sakinlərin başına gətirilənlər onu hiddətləndirib.

1991-ci ildə könüllü olaraq Ağdam rayonunda təşkil edilmiş “Qaradağ şahinləri” taboruna yazılaraq Vətənin müdafiəsində iştirak edib. 1992-ci ilin 12 martında Xocalı rayonu, Pirlər (Xramort) kəndi istiqamə­tində gedən döyüşdə Ermənistan hərbçiləri tərə­findən əsir götürülüb.

Natiq Qasımov Xocalı rayonu, Pirlər kəndi yaxınlığında yüksəklikdə yerləşən Alban kilsə­si uğrunda döyüş zamanı 6 döyüş yoldaşı həlak olduqdan sonra 5 gün ac-susuz orada qalaraq təkbaşına savaşıb. Gülləsi qurtardığından 6-cı gün, 1992-ci il 12 martda rusiyalı və italiyalı jur­nalistlər - Konstantin Smirnov və Enriko Sarzinin şahidliyi ilə Ermənistan hərbçiləri tərəfindən əsir götürülüb. Onun əsir götürülməsi faktı Rusiyada nəşr edilən “Oqonyok” jurnalının 1992-ci il 14 və 15-ci nömrələrində “Strax” adlı məqalədə təsvir edilib.

Erməni girovluğundan azad edildikdən sonra Mingəçevir şəhərində yerləşən “Kür” avarçək­mə bazasında məskunlaşmış Xocalı şəhər saki­ni, Cəfərov Cəfər Məhəmməd oğlunun ifadəsinə əsasən, Xocalı şəhəri Ermənistan silahlı birləş­mələri tərəfindən işğal olunan gün o da girov götürülmüş və işğal edilmiş Əsgəran Rayon Polis Şöbəsinin təcridxanasına aparılmışdı. Bir müddət sonra Er­mənistan hərbçiləri onu xarici jurnalistlə birlikdə zirehli döyüş maşınına oturdaraq azərbaycanlılara xəbərdarlıq etmək üçün Pirlər kəndinə aparıblar.

Ermənistan hərbçiləri orada Cəfər Cəfərovu Alban kilsəsində mövqe tutmuş Azərbaycan hər­bçiləri ilə danışığa göndərib, əgər təslim olma­salar, girov götürülmüş Xocalı şəhər sakinlərini sıraya düzüb güllələyəcəklərini bildiriblər. 

Cəfər Cəfərov sürünə-sürünə kilsəyə gedib. Lakin o, kilsədə yalnız bir Azərbaycan əsgəri, Qasımov Natiq Səlim oğlu ilə rastlaşıb. Natiq Qasımov 5 gün ərzində təkbaşına və ac-susuz dö­yüşdüyü üçün artıq taqətdən düşübmüş.

Natiq Qasımov Cəfər Cəfərovun “axı imka­nın var idi nə üçün geri çəkilmədin” sualına “komandirim mənə mövqeni tərk etməməyi tap­şırmışdı. Bir də ki, yuxarıda dalğalanan Azər­baycan bayrağını burada qoyub necə gedə bilər­dim?”, – cavabını vermiş və binanın üzərindəki bayrağı göstərmişdi.

Cəfər Cəfərovun ifadəsinə görə, o, Ermənis­tan hərbçilərinin şərtini Natiq Qasımova çatdır­mış, bununla yanaşı, təslim olmamağı və imkan varsa, geri çəkilməyi məsləhət görmüşdü. Lakin Natiq Qasımov bir canı üçün Xocalı sakinlərinin həlak olmasına yol verməyəcəyini bildirmiş və binanın üzərində asılmış Azərbaycan bayrağını əlinə götürərək Ermənistan hərbçilərinə təslim olmuşdu.

Ailənin sonbeşiyi olan Natiq sadəcə bircə fotosu ilə dünyada tanınıb. Şəkildə Natiqin ağır döyüşlərdən sonra əlində üçrəngli bayrağımızı 2 erməni arasında məğrurcasına addımladığı əks olunub.

Bu qorxmaz Azərbaycan əsgərinin qəh­rəmanlığı və şücaəti düşmən hərbçiləri arasında vahimə və psixoloji gərginlik yaratdığı üçün səhra komandiri Vitali Balasanyan Natiq Qasımova er­məni əsgərlərin qarşısında müharibə qanunlarına zidd olaraq dəfələrlə ağır və dəhşətli işgəncələr verərək onu qətlə yetirib…

Bənzər yazılar

0.054383039474487