Elton Məmmədov MSK-nı məhkəməyə verə bilər?

 26-07-2024

Xəbər verdiyimiz kimİ, növbədənkənar parlament seçkilərinə 94 saylı Ucar seçki dairəsindən qatılmaq istəyən Elton Məmmədovun deputatlığa namizədliyi ləğv edilib.

Mərkəzi Seçki Komissiyanın üzvü Qabil Orucov Elton Məmmədovun təqdim etdiyi məlumatlarda və sənədlərdə ciddi nöqsanlar, saxtalaşdırılmış informasiyalar olduğunu deyib.

Onun sözlərinə görə, sabiq deputat əsasən əmlak məsələləri ilə bağlı saxtalaşdırılmış sənədlər təqdim edərək, Dairə Seçki Komissiyasında qeydə alınmasına çalışıb.

MSK üzvü bildirib ki, Elton Məmmədovun təqdim etdiyi məlumatlar nəinki onun deputat seçilməsinə, hətta seçilsə belə, mandatının əlindən alınmasına səbəb olacaq saxtalaşdırmalardır.

Mövzu ilə bağlı danışan deputatlığa namizəd Elton Məmmədov haqqında deyilənlərin hamısını yalan və böhtan adlandırıb:  

“Haqqımda deyilən bütün məlumatlar yalandır, iftiradır. Əsl saxtakar Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov başda olmaqla, qurumun digər bütün üzvləridir. Məndən bu qədər – qısa və konkret”.

Media və kommunikasiya şöbəsinin müdiri Şahin Əsədli Referans.Az-ın sorğusuna cavab olaraq bildirib ki, seçki prosesində tələb olunan imzalar, gəlirlərin miqdarı, əmlak barədə məlumatlar və s. düzgün şəkildə əks olunmalıdır, yoxsa, namizədin qeydiyyatının ləğvi üçün əsas yaranır:

"Əmlak deyəndə şəxsə aid hər bir əmlakdan söhbət gedir. Elton Məmmədovun təqdim etdiyi sənədlər saxta olduğuna görə MSK tərəfindən  onun namizədliyi ləğv olundu. MSK nəzdində işçi qrupunun tərkibində bir nəfər şəxs qrupa rəhbərlik edir. Ümümilikdə iççi qupunun tərkibində aidiyyatı dövlət qurumlarnın mütəxəssisləri əyləşir. Gələn məlumatlar hərtərəfli yoxlanılır". 

Mövzu ilə bağlı saytımıza danışan vəkil Ramil Süleymanov isə açıqlamasında bildirib ki, birinci növbədə Mərkəzi Seçki Komissiyası seçki prosesinin təqvimi ilə bağlı məlumat təqdim edir. Həmin təqvimə görə namizədlər ilkin olaraq müraciətlər edir, partiya və ya bloklar tərəfindən sənədlərini təqdim edirlər: "Yaxud da özləri fərdi qaydada məlumatlarını təqdim edirlər. Nəticədə namizəd olan şəxs imza vərəqələrini əldə edir. İmza vərəqləri əldə etdikdən sonra 450 imzanı toplayıb, bunu Dairə Seçki Komissiyalarına təqdim edir. Komissiyalar 450 imzadan əlavə həmçinin namizədin bir il müddətində rəsmi gəlirləri barədə, eyni zamanda namizədin daşınan və daşınmaz əmlakları ilə bağlı da məlumat əldə edir".  

Vəkil bildirir ki, namizədin mülklərinin qeydiyyata alınması zamanı yalnız şəxsin adına olan əmlaklardan söhbət gedə bilər:

"5 gün müddətində şəxsin namizədliyini qeydə alınıb- alınmaması ilə bağlı Dairə Seçki Komissiyası tərəfindən qərar qəbul olunur. Həmin qərarın əsasında şəxsin namizədliyinin qeydə alınması və ya alınmamasının aqibəti müəyyən olunur. Əgər Seçki Məcəlləsinin 58.3- cü maddəsinə görə, şəxsin namizədliyi saxtalaşdırılmış məlumatlar və digər bu qəbildən olan dolğun informasiya olmayan məlumatlarla tövsif edilən arayış formasında  təqdim olunursa, şəxsin ixtiyarı var ki, Dairə Seçki Komissiyasının verdiyi qərardan yerləşdiyi yer üzrə birinci instansiya məhkəməsi qismində Apellyasiya məhkəməsinə müraciət etsin. Baş vermiş pozuntu ilə bağlı məhkəmədə məsələni mübahisələndirsinlər. Əgər müəyyən olunsa ki, həqiqətən də burada namizədə qarşı düzgün olmayan qərar qəbul olunub, məhkəmə bu zaman həmin qərarı ləğv edir və namizədin qeydiyyata alınması ilə bağlı öhdəliyin Dairə Seçki Komissiyasının üzərinə qoyulması ilə bağlı qərar qəbul edir".

Vəkil bildirir ki, əgər namizəd yüksək vəzifəli şəxs tərəfindən "saxtakar" və bu qəbildən olan daha aşağılayıcı sözlərlə təhqir olunursa, bu zaman qarşı tərəfin xtiyarı var ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147 və 148- ci maddəsinə əsasən yerləşdiyi rayon, şəhər prokurorluqlarına və ya birbaşa məhkəməyə xüsusi ittihamçı qismində ərizə təqdim etsin. Əgər sübutların təqdim olunması qismində həmin şəxsi saxtakar adlandırmış şəxs müfəssəl sübutlar ortaya qoya bilməsə, şəxsin barəsində cinayət işi başlanılacaqdır. Məsuliyyət isə 1 000 manatdan 2 000 manata qədər cərimə cəzası, və ya 6 aya qədər azadlıqdan məhrumetmə cəzası olaraq nəzərdə tutulur. 

Şəlalə Babayeva 

Bənzər yazılar

0.10029315948486