Dövlət qurumları Vüqar Səfərlinin əmlakları ilə bağlı sorğulara cavab verdi

 25-07-2024

Ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq direktoru Vüqar Səfərlinin əmlaklarının müsadirə edilməsi ilə bağlı növbəti məhkəmə çəkişməsi yekunlaşır.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsində bu məsələ ilə bağlı qərar iclası keçiriləcək.

Məlumat üçün deyək ki, xüsusilə külli miqdarda mənimsəmə ittihamı ilə məhkum edilən Səfərlinin üzərinə həbs qoyulmuş bütün əmlakı müsadirə edilib.

Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlasa da, Ali Məhkəmə qərarı müsadirə edilən əmlaklara münasibətdə ləğv edib. Yüksək instansiya məhkəməsi belə qənaətə gəlib ki, bütün əmlakların dövlət nəfinə alınması məsələsinə yenidən baxılmalıdır.

Şikayət bu dəfə Bakı Apellyasiya Məhkəməsinin hakimi Anar İbrahimovun sədrliyi ilə araşdırılıb.

Vüqar Səfərlinin vəkili Hikmət Əliyev bununla əlaqədar Daşınmaz Əmlakın Dövlət Reysteri Xidməti və Baş Dövlət Yol Polisi İdarəsinə sorğu göndərib. Müdafiə tərəfi şikayətini belə əsaslandırır ki, Vüqar Səfərli müsadirə olunan əmlaklarını cinayət baş verən dövrdən daha əvvəl alıb. Qanun deyir ki, belə olan halda həmin əmlaklar müsadirə edilə bilməz.

Dövlət qurumlarına göndərilən sorğular da bu barədə olub. Məhkəməyə təqdim edilmiş sorğuya cavablar da müdafiə tərəfinin dediklərini təsdiq edib. Qeyd olunub ki, məhkum müsadirə edilən əmlakları KİVDF sədri olmazdan əvvəl alıb. Bu əsasla vəkil Əliyev şikayətinin təmin edilməsini, əmlakların müsadirədən azad edilməsini xahiş edib.

Məhkəmə növbəti iclasda yekun qərarını açıqlayacaq.

Qeyd edək ki, Vüqar Səfərli 2009-2020-ci illərdə KİVDF-nin rəhbəri olub. O, 2021-ci ilin yanvarında Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirli bilinən eks-fond rəhbəri 10 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

Bənzər yazılar

0.10914015769958