Psixi sağlamlıq sahəsində Milli Strategiyaya yenidən baxılması təklif olunur.
Report.az xəbər verir ki, bu təkliflə İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva "Azərbaycanda psixi sağlamlıq və psixi xəstəliklərdən əziyyət çəkən şəxslərin hüquqları" mövzusuna həsr olunmuş dəyirmi masada çıxış edib.
Onun sözlərinə görə, Azərbaycanda əhalinin müxtəlif qruplarının psixi sağlamlığının yaxşılaşdırılması, bu sahədə məlumatlılıq səviyyəsinin artırılması istiqamətində zəruri tədbirlər görülür, ayrı-seçkilik hallarına qarşı mübarizə gücləndirilir:
"Ombudsman təsisatı bu sahədə müvafiq dövlət orqanları tərəfindən həyata keçirilən tədbirləri, proqram və layihələri davamlı olaraq izləyir, müvafiq təhlillər aparır. Hesab edirəm ki, toplanmış məlumatlar asasında Psixi sağlamlıq sahəsində Milli Strategiyaya da yenidən baxılması düzgün olar. Vətən müharibəsi iştirakçılarının postmüharibə dövründə peşəkar və ixtisaslaşmış tibbi, o cümlədən psixiatrik yardımla təmin olunmaları ən vacib məsələlərdən biri kimi qeyd edilməlidir. Ombudsman təsisatı olaraq bu məsələ də diqqətimizdədir".
İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva deyib ki, bir gündə 2 min pasiyent Narkoloji Mərkəzə yerləşdirilməsi üçün növbə gözləyirdi.
Onun sözlərinə görə, narkomaniya xəstəliyindən əziyyət çəkən şəxslərin müalicəsində növbə problemi mövcuddur:
"Ötən il başçəkmə zamanı bir gündə 2 min pasiyentin Respublika Narkoloji Mərkəzə yerləşdirməklə bağlı növbə gözlədiyi məlum oldu. Aidiyyəti qurumları bu istiqamətdə zəruri tədbirlər görməyə çağırıram".
S.Əliyeva bildirib ki, ölkədə, xüsusilə paytaxt ərazisində müxtəlif növ asılılıqlarla narkomaniya, alkoqolizm və s. ilə mübarizə aparan çoxsaylı qeyri-dövlət reabilitasiya mərkəzləri mövcud olsa da, onların fəaliyyətinin tənzimlənməsi və nəzarət mexanizmləri ilə bağlı boşluqlar var:
"Mövcud durum ciddi problemlərə, orada reabilitasiya keçən insanların həyat və sağlamlığına təhlükə yaradan hallara gətirib çıxarır. Penitensiar xidmət müəssisələrinə həyata keçirilən başçəkmələr zamanı saxlama şəraiti və rəftar məsələləri ilə yanaşı, məhkumların səhhəti, o cümlədən psixi sağlamlıq vəziyyətləri, habelə tibbi xidmət səviyyəsi də araşdırma predmeti olur. Psixi pozuntulardan əziyyət çəkən və ya cəza çəkdiyi dövrdə psixi sağlamlıq vəziyyətində ciddi dəyişikliklər baş verən şəxslərin psixiatriya müəssisələrinə yerləşdirilməsi ilə bağlı mexanizmin təkmilləşdirilməsi məqsədilə tərəfimizdən "Cəzanın çəkilməsinə mane olan ağır xəstəliklərə düçar olmuş məhkumların tibbi şəhadətləndirilməsi Qaydaları"na yenidən baxılması təklif edilib".
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva deyib ki, müharibə iştirakçılarının bir qismi əlilliyin müəyyən edilməsi ilə bağlı problemlərlə üzləşir.
O qeyd edib ki, başçəkmələr zamanı xüsusilə psixiatriya müəssisələrində sıxlıq problemi aşkar edilib:
"Belə ki, gün-gündən əhalisinin sayı artan paytaxt Bakı şəhərində yalnız bir psixiatriya xəstəxanasının mövcudluğu, habelə 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının paytaxtla yanaşı, respublikanın digər bölgələrindən də xəstələri qəbul etməsi həmin xəstəxanalarda sıxlığa səbəb olur. Aparılan təhlillər onu göstərir ki, həm paytaxtda, həm də bölgələrdə ixtisaslaşmış psixiatriya xidməti göstərə biləcək kadrların sayı da azdır".