Gömrük işçiləri aeroportda qazini döyüblər? – Video

 31-03-2024
Qarabağ qazisi Bayramlı Orxan Çingiz oğlu martın 30-da H.Əliyev adına Beynəlxalq Hava Limanında Dövlət Gömrük Komitəsinin əməkdaşları tərəfindən zorakılığa məruz qaldığını iddia edib.
 
Yeniavaz.com xəbər verir ki, sosial şəbəkələrdə O. Bayramlının hava limanında lentə aldığı kadrlar sosial şəbəkələrdə yayılıb.
 
Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsi də məlumat və kadrlar yayıb.
 
Komitənin yaydığı məlumatda bildirilir ki, Abu-Dabi-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikasının vətəndaşı Orxan Bayramlının fiziki təzyiqə məruz qalması barədə kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə yayımlanan məlumatlar həqiqətə uyğun deyil:
 
“Martın 29-da Abu-Dabi-Bakı aviareysi ilə sərnişin qismində gələn Orxan Bayramlı Heydər Əliyev Beynəlxalq Aeroportunun T2 Terminalının gəliş zalında yerləşən gömrük nəzarəti zonasından keçərkən ona məxsus olan əl yüklərinə rentgen qurğusunda baxış keçirilib.
 
Monitorda əks olunan görüntülərə əsasən Orxan Bayramlı əl yüklərinə baxış keçirilməsi üçün yoxlama otağına dəvət olunub və şifahi sorğu-sual zamanı əl yüklərindəki malları  ölkə ərazisinə satış məqsədilə gətirdiyini bildirib.
 
Mallara gömrük baxışı keçirilməsi ilə bağlı gömrük əməkdaşlarının qanuni göstərişlərinə əməl etməyən Orxan Bayramlı nümayişkaranə şəkildə gömrük nəzarətinin aparılmasına şərait yaratmayıb, nəticədə gömrük  nəzarəti zonasında mübahisə yaradaraq nalayiq ifadələrdən istifadə edib.
 
Prosedur qaydalar barədə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq vətəndaş gömrük nəzarəti zonasında ictimai asayişin pozulması ilə nəticələnən bu hərəkətlərini sonlandırmayıb, üzərində olan mobil telefonun kamerası vasitəsilə videoçəkiliş etməklə qeydə alıb, görüntüləri ictimailəşdirəcəyi ilə gömrük əməkdaşlarını hədələyib və həmin videotəsvirləri təhrif olunmuş şəkildə ictimailəşdirib.
 
Daha sonra hadisə yerinə polis orqanı əməkdaşı dəvət olunub və  Bayramlı Orxan Çingiz oğlu barəsində akt tərtib olunaraq Hava Nəqliyyatında Polis İdarəsinə təhvil verilib”.
 DGK-nın yaydığı kadrları təqdim edirik:
 

Bənzər yazılar

0.10565900802612