Dollara tələbin artma səbəbləri - RƏSMİ AÇIQLAMA

 28-03-2024

2024-cü ilin əvvəlindən bəri də valyuta bazarında tarazlıq qorunub. İlin ötən dövründə Mərkəzi Bank tərəfindən təşkil edilən valyuta hərraclarının bir neçəsində valyutaya tələb artıb. Buna səbəb dövlət investisiyaları və özəl sektorun istehlakının aktivləşməsi nəticəsində idxalın maliyyələşməsinin genişlənməsidir.

"Ölkə.Az" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) açıqlamasında qeyd olunub. 

Bildirilir ki, 2024-cü ilin 2 ayında qeyri-neft investisiya qoyuluşları ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,1% artıb ki, bunun da əhəmiyyətli hissəsi daxili mənbələr hesabına maliyyələşib. Bu, qeyri-neft idxalı üzrə qabaqcadan ödənişlərin artması ilə müşayiət olunub. Qeyd olunanlar idxal mənşəli valyuta tələbinin artımını təsdiqləyir.

Ümumilikdə, valyuta bazarı profisitli tədiyə balansı şəraitində fəaliyyət göstərir. 2023-cü ilin yekunu üzrə tədiyə balansının cari əməliyyatlar hesabında ümumi daxili məhsulun (ÜDM) 11,5%-i səviyyəsində profisit olub. Ticarət balansında 2024-cü ilin ilk 2 ayında 2,3 mlrd. ABŞ dolları məbləğində profisit formalaşıb. Proqnozlara əsasən mövcud meyillərin davam edəcəyi təqdirdə 2024-cü ilin yekunu üzrə də cari əməliyyatlar hesabının profisitli olacağı (yanvar proqnozu: 7-8 mlrd.ABŞ dolları) gözlənilir.

Bununla yanaşı fevralda depozit dollarlaşmasının azalmaqda davam etməsi yığım vasitəsi kimi manata inamın qorunduğunu göstərir. Belə ki, fevralda maliyyə sektoru çıxılmaqla hüquqi və fiziki şəxslərin depozitlərinin dollarlaşması səviyyəsi yanvar ayına nəzərən 1,3 faiz bəndi, ötən ilin fevral ayı ilə müqayisədə isə 9 faiz bəndi azalıb. 

Könül
Ölkə.Az

Bənzər yazılar

0.057857036590576