Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin (ŞBPİ DYPB) əməkdaşları tərəfindən Gəncədə narkotik vasitənin təsiri altında avtoxuliqanlıq edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan verilən məlumata görə, şəhər sakini Elvin Quliyev idarə etdiyi “Chevrolet” markalı avtomobil ilə yollarda intizamsızlıq edərək, yol hərəkəti qaydalarını kobud şəkildə pozub, avtoxuliqanlıq etmiş və bununla da ictimai-asayişi nümayişkaranə şəkildə pozaraq vətəndaşların haqlı narazılığına səbəb olması məlum olub.
Yol Patrul Xidmətinin əməkdaşları dərhal sürücünü saxlanılan zaman sürücünün narkotik vasitənin təsiri altında olduğu da müəyyən edilib. Həmin şəxs barəsində İnzibati Xətalar məcəlləsinin müvafiq maddələrinə əsasən tərtib olunmuş inzibati protokol baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Elvin Quliyev sürücülük hüququndan 1 il müddətinə məhrum olmaqla 15 sutka inzibati qaydada həbs edilib.