Son bir neçə aydır ki, bələdiyyə işçilərinin əməkhaqqı ala bilmədikləri iddia olunur.
Dəfələrlə müzakirə olunmasına baxmayaraq, bələdiyyələrin maliyyə təminatının yaxşılaşdırılması məsələsi hələ də həll olunmamış qalır.
Qeyd edək ki, ədliyyə nazirinin müavini Vilayət Zahirov açıqlamasında bildirmişdi ki, 2023-cü ildə bələdiyyələrin gəlirləri artıb. Belə ki, ötən il inzibati nəzarət orqanına hüquqi ekspertiza üçün təqdim olunan bələdiyyə aktlarının sayı ilk dəfə olaraq 100 mini keçib, 96 min 363 (96%) aktın qanunvericiliyə uyğun olduğu müəyyən edilib.
Ümumiyyətlə, bələdiyyələrin büdcə gəlirlərinin artırılması və birdəfəlik formalaşdırılması ilə bağlı hansı addımlar atıla bilər?
Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev Bizim.media-ya bildirib ki, bir çox bələdiyyələr öz büdcəsini kortəbii formalaşdırır:
“Hər bir bələdiyyə öz büdcəsini formalaşdırmaqda və xərcləməkdə sərbəstdir. Sözsüz ki, büdcə də əmlak və torpaq vergiləri və ya hansısa sahibkarın etdiyi yardım hesabına formalaşır. Bu formalaşma zamanı bələdiyyələr qazanılan və xərclənəcək vəsaitin miqdarını müəyyən qaydada düşünməli və nəzərə almalıdırlar. Bu zaman yerli əhəmiyyətli, sosial-iqtisadi məsələlər, eləcə də əməkhaqqılar, yardımlar, əlavə xərclər üçün ayrılan vəsait nəzərə alınmalıdır”.
Deputat qeyd edib ki, bələdiyyələrdə əldə olunan vəsaitin çoxu əməkhaqqının verilməsinə yönəldilir:
“Belə olan halda, bələdiyyə üzvlərinin çoxu vaxtlı-vaxtında aylıq maaşlarını ala bilmir. Bir çox bələdiyyələrdə bu məsələlər açıqdır və çoxları vəsaitinin olmamasından gileylənirlər. Təəssüflə qeyd edirəm ki, bələdiyyələr maliyyə bazasının yaradılmasına lazımi təşəbbüs göstərmirlər, müəyyən xidmət sahələrini yaratmaqda acizdirlər.
Bu məsələ dəfələrlə müzakirə olunub, qəbul edilən qanunlar imkan verir ki, bələdiyyələr öz istehsal sahələrini yaratsınlar və əlavə vəsait əldə etsinlər. Lakin bu təşəbbüslə çıxış edən bələdiyyələrin sayı azdır. Məhz buna görə də bələdiyyələrin birləşməsi zərurəti yaranıb”.