Nəqliyyat Əlaqələndirmə Şurasının qərarına əsasən, bu gündən metronun "28 May" stansiyasının qarşısına şəxsi avtomobillərlə giriş qadağan edilib.
BAKU.WS xəbər verir ki, ərazidə müvafiq nişanlar quraşdırılıb.
Hazırda ərazidə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin və Dövlət Yol Polisi (DYP) əməkdaşları xidmət göstərir.
Əraziyə yalnız ictimai nəqliyyatın girişinə icazə var.
Şəxsi avtomobili ilə sözügedən əraziyə daxil olanlar müvafiq olaraq 80 manat cərimə edilir.
Həmçinin, maşını parklanma ərazisində uzunmüddətdir qalan avtomobillərin çıxarılması üçün vətəndaşlara şərait yaradılır.
Əvvəl parklanma yeri kimi istifadə olunan ərazi isə boşaldılıb.
Daxili İşlər Nazirliyi bununla bağlı məlumatda bildirilib ki, “28 May” metrostansiyası və Bakı Dəmiryol Vağzalı qarşısında fərdi avtomobillərin hərəkətinin məhdudlaşdırılması ilə bağlı qərar Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən birgə həyata keçirilir.
"Məqsəd sürücüləri cərimələmək yox, ərazini piyadaların hərəkəti üçün daha əlverişli zonaya çevirmək və təhlükəsizlik mühitini formalaşdırmaqdır", - məlumatda vurğulanıb.
Qeyd edək ki, bu gündən metronun "28 May" stansiyası və Bakı Dəmiryolu Vağzalının qarşısına avtomobillərin girişi qadağan olunub. Şəxsi avtomobillər sözügedən əraziyə buraxılmır. Bu ərazidə yalnız müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən ictimai nəqliyyat vasitələrinin hərəkətinə icazə verilir. Ərazidəki parklanma yerləri də fəaliyyətini dayandırır.