Ceyhun Bayramov Toyvo Klaara Bakının sülh prosesi ilə bağlı mövqeyini bildirib 

 02-03-2024

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 3-cü Antalya Diplomatiya Forumu çərçivəsində Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaarla görüşüb.

Bu barədə Azərbaycanın XİN başçısı “X” hesabında paylaşım edib.

“Azərbaycan və Ermənistan arasında sülh prosesi ilə bağlı məsələlərdə Azərbaycanın mövqeyini bir daha vurğuladım. Azərbaycanla Ermənistan arasında sülh prosesi üzrə fiziki görüşlərin vacib əhəmiyyəti var”, - Azərbaycan diplomatiyasının rəhbəri görüşə dair qeyd edib.

“28-29 fevral tarixlərində Azərbaycan və Ermənistan nümayəndə heyətləri Berlində sülh prosesi üzrə danışıqları davam etdirdilər. Bundan əvvəl sülh danışıqları 7 ay olar ki, keçirilmirdi. 2023-cü ilin yay aylarında heyətlər iki dəfə görüşmüşdülər. Bundan sonra ancaq sülh prosesi ilə bağlı mətn və layihələrin bir-birinə ötürülməsi qeydə alındı. İstənilə halda bu prosesdə fiziki görüşlərin vacib əhəmiyyəti var”, - nazir deyib.

C.Bayramov qeyd edib ki, son dövrlər sülh danışıqlarında müsbət dinamika müşahidə olunur:

“İlk olaraq mən Münxen Təhlükəsizlik Konfransında Azərbaycan Prezidenti və Ermənistan baş nazirinin Almaniya kanslerinin təşəbbüsü ilə görüşünü qeyd etmək istərdim, hansı ki, bəlli bir fasilədən sonra liderlər arasında bir təmas oldu. Ümumilikdə biz görüşü müsbət qiymətləndiririk. Və həmin o təmasdan sonra da xarici işlər nazirlərinin də görüşü barədə qərar qəbul olundu”.

Nazir ümumilikdə sülh prosesi istiqamətində aparılan danışıqları yüksək qiymətləndirib.

Rəsmi Bakının Ermənistandan gözləntiləri ondan ibarətdir ki, ölkələrin bir-birinin ərazi bütövlüyünün tanınması əsasında sülh müqaviləsinə sözdə deyil, real olaraq razılıq versin.

Nazir vurğulayıb ki, sülh müqaviləsi davamlı olmalıdır ki, gələcəkdə hansısa açıq suallar yaratmasın.

“2021-ci ilin yanvar ayından Azərbaycan Ermənistanla münasibətlərin normallaşması istiqamətində addımlar atmağa başladı. 2022-ci ildə Azərbaycan vacib əhəmiyyətə malik 5 baza prinsipini elan etdi. Həmin 5 baza prinsipi Ermənistan tərəfindən qəbul edilib. Eyni zamanda, beynəlxalq ictimaiyyət tərəfindən müsbət dəyərləndirilib. Azərbaycan tərəfindən hazırlanan və qarşı tərəfə təqdim olunan sənəd layihəsi də həmin o prinsiplər üzərində qurulub, beynəlxalq hüququn normalarına uyğun şəkildə formalaşır”, - C.Bayramov deyib.

Bənzər yazılar

0.23393702507019