Ailə vəziyyəti sahibkarlıq uğurumuza təsir edirmi?

 28-02-2024
Ailə həyatın fundamental sferalarından biridir. Evliliyin biznes və karyera uğuruna təsirləri barədə təzadlı fikirlər mövcud olsa belə, elmi mənbələrin bir çoxu evli olmağın biznes uğuruna müsbət təsir etdiyini deyir. 
 
Evlilik bizim biznesimizə necə təsir edir:
 
  • - Ər-arvad münasibətləri sahibkarlara diqqətlərini öz müəssisələrinə yönəltməyə imkan verir;
  • - Dəstəkləyici həyat yoldaşı sahibkara planlı olmağa, vaxtını səmərəli idarə etməyə və fokusunu məqsədlərinə cəmləməyə kömək edir;
  • - Daha çox məsuliyyət sahibi olmaq (biznesdən kənar) sahibkarların biznesdə uğur şansları artırır;
  • - Evli olmaq biznesin məhsuldarlığını artırır;
  • - Ailə tərəfindən təşviq, mənəvi-emosional dəstək, əmək dəstəyi və digər motivasiyaedici amillər biznesin böyüməsinə və sahibkarların uğuruna səbəb olur;
  • - Evli sahibkarlar uğur şanslarına dair daha optimist olur;
  • - Evli insanlar ailərinə zaman ayırmalı olurlar və daha az riskə gedə bilirlər;
  • - Evli olmaq xüsusilə də uşaq sahibi olmaq maliyyə öhdəliklərini artırır;
  • - Evli olmaq sahibkara uğurlu olmaq üçün daha böyük məqsəd və təkan verir;
Kişilərin bizneslərində həyat yoldaşlarının rolu
 
Harvard Universitetinin 1949-il biznes məzunları yalnız kişilərdən ibarət idi. Onlardan 70%-i böyük şirkətlərin vitse-prezidentləri, prezidentləri və direktorları vəzifələrinə qədər yüksəlmişdilər. CNN əməkdaşları onlardan bu cür uğurlu olmaqlarının səbəbini soruşduqda:
 
"Uğurumuzda müəyyənedici, əsas amil həyat yoldaşlarımızın çox dəstələyici və ağıllı olması idi. Biz onlarla bir çox mövzuda söhbət edə bilirdik və bu, bizim həyatımızda böyük fərq yaratdı" - deyə cavablamışlar.
 
Beynəlxalq Təhsil və Araşdırma Jurnalının 2015-ci ildə apardığı bir araşdırmasına görə, ailə və dostların dəstəyi sahibkarları yüksək gəlir əldə etməkdə və iş yerləri yaratmaqda motivasiya edən aparıcı amillərdir.
 
American Express tərəfindən aparılmış bir sorğu göstərib ki, sahibkarların 84%-i emosional dəstək üçün həyat yoldaşına güvənir, 73%-i isə həyat yoldaşının bizneslərinin maliyyə idarə etməsində kömək etdiyini bildirib. Eyni sorğu həmçinin müəyyən edib ki, sahibkarların 68%-i biznesə başladıqdan sonra həyat yoldaşı ilə münasibətləri yaxşılaşıb.
 
Evli qadın sahibkarlarda vəziyyət fərqlidir

Evli qadın sahibkarlar üçün vəziyyət nisbətən fərqlidir. 1991-ci ildə Belcourt, Burke və Lee-Gosselinin araşdırması göstərib ki, həyat yoldaşının olması kişi sahibkarlar üçün faydalı olsa belə, xüsusən də qadınlar üçün problem mənbəyi ola bilər. Qadınlar biznesə əlavə olaraq həm də ev işinin yükünü və analığın gətirdiyi öhdəlikləri daşıyırlar və bu da onların bizneslərini böyütmə imkanlarını məhdudlaşdırır. Araşdırma qadın sahibkarların partnyor dəstəyindən kişilərə nisbətən daha az faydalandıqlarını aşkar edib.
 
Qadınlar ailə öhdəlikləri və iş həyatı arasında balans yaratmaqda kişilərlə müqayisədə daha çox problem yaşayırlar. Qadınlar ailədə əməyin qeyri-bərabər bölgüsündən daha çox təsirlənir və kişi sahibkarlarla müqayisədə ev və ailə ilə bağlı işlərə daha çox vaxt sərf edirlər. İş-ailə münaqişəsi səbəbindən, qadın sahibkarlar daha çox əziyyət çəkirlər ki, bu da onların bizneslərinin kişi həmkarlarına nisbətən daha yavaş böyüməsinə səbəb olur.
 
2016-cı ildən sonra...

Maraqlısı odur ki, 2016-cı ildən sonra statistika fərqli nəticələr göstərir. Bu da evliliyin əhəmiyyətinin azaldığının göstəricisidir. Son araşdırmalar deyir ki, subay sahibkarlar evli sahibkarlara nisbətən biznesdə daha yüksək inkişaf ambisiyalarına malikdirlər.
 
Boşanmaların və tək valideynlərin sayının artmasını nəzərə alsaq, xüsusilə maraqlı bir məqamı bölüşmək istərdim: Janice Byrne, Azzedine Tounés, Olivier Giacomin və Salma Fattoum-un 2016-cı ildə apardığı araşdırma göstərib ki, boşanmış olmaq və himayəsində uşağı olmaq qadın sahibkarların biznesdə böyümə niyyətlərinə əhəmiyyətli dərəcədə və müsbət təsir göstərir, lakin, kişi sahibkarlar üçün bu belə deyil.
 
Napoleon Hill illər əvvəl ən uğurlu 100 kişinin həyatını araşdırmış və onların hər birinin həyatında onları sevən, dəstəkləyən qadının olduğunu aşkar edib. Kişi və ya qadın olmağımızdan asılı olmayaraq uğursuzluqla üzləşdikdə, özünə şübhə və əminsizlik anlarımızda yanımızda  bizə inanan və dəstəkləyən partnyorun olması nəinki emosional rifahımıza həmçinin sahibkar uğurumuza da müsbət təsir edə bilər.
 

 

Bənzər yazılar

0.19761896133423