İşlənmiş telefon alanlar böyük təhlükə qarşısındadır – Şəxsi məlumatlarınız..

 28-02-2024
Smartfonlar həyatımızın ayrılmaz bir parçasına çevrilib. Bu səbəbdən hazırda bu cihazdan istifadə etməyən birini tapmaq müşkül işdir. İnsanlar bəzən bütün gəlirini yeni telefona yatırır. Ancaq elə şəxslər də var ki, çox da bahalı olmayan, hətta ikinci əl mobil cihazlara üstünlük verirlər. 
 
Bu məsələdə əsasən qiyməti nəzərə alan vətəndaşlar digər riskli məqamları düşünmədən işlənmiş telefon almağa üstünlük verirlər. Ancaq bu qərar sonradan alıcılara qarşısıalınmaz problemlər yarada bilər. Bəs ekspertlər bu məsələdə nə deyir? İkinci əl smartfon alarkən, qiymətdən başqa hansı nüanslara fikir vermək bizi risklərdən sığortalaya bilər? 
 
Sözügedən mövzuda “Yeni Sabah”a açıqlama verən İKT sahəsi üzrə ekspert Bəhruz Əliyev bildirib ki, işlənmiş telefon almaq olduqca risklidir:
 
Hazırda ikinci əl telefonların kifayət qədər alqı-satqısı həyata keçirilir. Bazarda smartfonların satışı artmaqda davam edir. Hətta bu elə hala çatıb ki, bir çox şəxsdə 2-3 mobil telefon var. Sözügedən vəziyyət smartfonlara baxışı dəyişdirməlidir. Çünki biz həm iş, həm də ev məsələlərini bu cihazlarla həyata keçiririk. Belə olduqda isə smartfon hər gün istifadə etdiyimiz diş fırçası qədər bizim üçün əhəmiyyətli olmalıdır. Necə ki, gigiyena qaydalarına uyğun olaraq, fırçamızı heç kimlə bölüşmürük, eləcə də, mobil cihazımızı da kibergigiyenamız üçün, ikinci əl kimi başqasına verməməli və satmamalıyıq. Smartfonun yaddaşında şəxsi məlumatlar mövcud olduğu üçün, onu satmaq, kiməsə hədiyyə etmək doğru hesab edilmir. Bir sıra insanlar mobil telefonlarını satan zaman yaddaşını təmizləyir və şəxsi məlumatları silir. Ancaq onu da bilmək lazımdır ki, bu bilgilər xüsusi proqramlar vasitəsilə geri qaytarıla bilir. Bu durum sonradan şantaj vasitəsinə çevrilə bilər. Şəxsi məlumatlarımızın içində olduğu İT avadanlıqlarını satışa çıxardıqda, onların yaddaş qurğularını çıxartmaq lazımdır. Yox əgər bu mümkün deyilsə, həmin cihaz köhnəldiyi zaman məhv etmək daha məqsədəuyğundur. Komputerlərdə yaddaş qurğusunu asan bir formada cihazdan ayırmaq olsa da, smartfonlarda bu proses cihazın quruluş və strukturuna görə kifayət qədər bahalı bir əməliyyatdır. Ona görə də bunu həyata keçirmək səmərəli bir seçim deyil”. 
 
Ekspert qeyd edib ki, ikinci əl telefon almaqda təkid edənlər varsa, bir sıra məqamlara diqqət etmək mütləqdir.
 
1. İlk növbədə, cihazı satan mağazanın ona zəmanət verib-vermədiyini dəqiqləşdirmək lazımdır. Mobil telefonun müəyyən gələcək hüquqi risklərdən qorunması üçün, imzalı və möhürlü zəmanət kağızı olmadan işlənmiş telefon almaq düzgün deyil.
 
2. Ödəniş çekinin tələb olunması mütləqdir. Həmin çekdə ikinci əl telefona aid individual İMEİ və seriya nömrələr əks olunmalıdır. Bu da həmin smartfonun rəsmi olaraq alınmasını, oğurluq olmadığını sübut edir. Bu da alıcının hüquqi problem ortaya çıxdıqda özünü müdafiə etməsini asanlaşdırır.  
 
3. Digər məsələ aldığımız telefonun İMEİ nömrələrini portal.rinn.az saytında yoxlanışdan keçirtməkdir. Bununla da, telefonun qeydiyyatda olması, bloklanması kimi məsələləri aydınlaşdırmaq olur.
 
4. Həmçinin hardveyr (Hardware) kontrol olmalıdır. Bu telefonun üzərində olan ehtiyat hissələrinə aiddir. Aldığımız ikinci əl telefonun qiymətinin münasib olmasına, ancaq çox da ucuz olmamasına diqqət etməkdə də fayda var.
 
5. Eyni zamanda ekranın touch screen dediyimiz, ekranın toxunabilirlik xüsusiyyətini də yoxlamaq lazımdır. Əgər ekranda cızıqlar çoxluq təşkil edirsə, bu bir qədər ekran hissiyatını aşağı salır.
 
6. Mütləqdir ki, telefonun kamera və mikrofon, spiker hissələri də kontrol edilsin. Mikrofonla səs yazıb qulaq asmaq və rekordun kefiyyətini aydınlaşdırmaq lazımdır. Spikeri yoxlamaq üçün isə, yüksək bass xüsusiyyəti olan musiqilərə qulaq asaraq, yoxlamaq olar. Spikerdə xırıltı vəya aşağı keyfiyyətli səs hiss etsəniz o avadanlığı əsla almayın.
 
7. Bundan əlavə telefonun Face İD və barmaq izi funksiyalarını yoxlamadan keçirmək önəmlidir.
 
8. Əgər ikinci əl aldığımız telefon “İphone” markasına məxsusdursa, bu zaman cihazın “icloud”-dan çıxarıldığına diqqət etməliyik. Əks halda smartfonda bir sıra əməliyyatları həyata keçirdiyimiz zaman “icloud” üçün şifrə tələb olunur, bu olmazsa, bəzi problemlər ortaya çıxa bilir.
 
9. Batareyanın sazlığını yoxlamaq üçün isə telefonda hər hansı yüksək keyfiyyətli videoya baxmaqla, batareyanın sürətinin azalıb-azalmadığını müşahidə etmək olar. Sadalananlar ilkin yoxlamalardır. Bəzi məqamlar var ki, bunları yoxlamaq çox çətindir. Belə hallarda bu sahədə ixtisaslaşmış şəxslərin köməyinə ehtiyac duyulur”. 
 
B.Əliyev vətəndaşlara ikinci əl telefon almamağı məsləhət görür:
 
“Telefon alan zaman mümkün olduğu qədər həmin məsələdə məlumatlı olan insanla bu prosesi həyata keçirmək daha məqsədəuyğundur. Belə olduqda, alıcı özünü aldanmaqdan xilas edə bilər. Son olaraq, tövsiyə edirəm ki, insanlar ikinci əl telefon almaqdansa, parametrləri bir az zəif olan yeni smartfona üstünlük versinlər. Çünki ikinci telefon alanların bir gün dələduz qurbanına çevrilmə riski var”. 

 

Bənzər yazılar

0.1821620464325