Dolların bahalaşması ilə bağlı AÇIQLAMA – “2026-cı ilə qədər…”

 23-02-2024

Xəbər verdiyimiz kimi, 22 fevral 2024-cü il tarixində Azərbaycan Mərkəzi Bankında (AMB) növbəti valyuta hərracı keçirilib. Hərracda tələb 108.1 mln. ABŞ dolları təşkil edib.

Qeyd edək ki, bu göstərici ötən hərracdan 5.4% çoxdur. Belə ki, 20 fevralda keçirilən valyuta hərracında banklar 102.6 milyon dollar alış həyata keçirib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb. 

Xatırladaq ki, cari ilin fevral ayında keçirilən son dörd hərracda dollara tələb 100 milyondan çox olub. 

Bəs, dollara olan tələbatın kəskin artmasının səbəbi nədir?

Məsələ ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirlinin fikirlərini öyrəndik. O, Bizim.Media-ya açıqlamasında bildirdi ki, dollara tələbatın artmasının səbəbi idxalın artmasıdır:

“İdxalın artması da dollar tələbatı artırır. Çünki xaricdən alınıb ölkəmizə gətirilən  məhsullar əsasən dollarla alınır. Məsələn, 2023-cü ildə idxal məhsullarına təxminən 15 milyard dollar xərclənib. Hadisələrin inkişafı göstərir ki, bu il bu rəqəm daha böyük olsun.  

Çünki yerli istehsalda bir durğunluq, bəzi hallarda isə geriləmələr müşahidə edilir. Gündəlik tələbat məhsullarının böyük hissəsi idxal edilir. Sənaye məhsullarına olan tələbat da əsas idxal hesabına ödənilir. Son vaxtlar qida sektoru bu siyahıya əlavə olunub. 

Hazırda toyuq əti və yumurtadan başqa əksər ərzaq məhsullarının ən azı 30-40 faizi xaricdən alınıb gətirilir. Xarici ticarət də əsasən dollarla həyata keçirilir. Ona görə də dollara tələbat getdikcə artır”. 

Bəs, artan tələbat dolların məzənnəsinə necə təsir edə bilər?

Akif Nəsirli sualı belə cavablandırdı:

“İndiki vaxtda dolların məzənnəsinin artacağı gözlənilən deyil. Çünki, Azərbaycanda üzən yox, tənzimlənən məzənnədir. Mərkəzi Bank artıq 8 ildir vahid məzənnə müəyyən edib. Ən azı 2026-cı ilə qədər də bu məzənnə dəyişməyəcək. Təbii ki, bu daha çox neftin qiymətindən asılıdır. Neft kəskin ucuzlaşsa, onda Mərkəzi Bank məzənnə dəyişikliyinə gedəcək”.

Bənzər yazılar

0.19842100143433