Qədimbəylilərin evindən oğurluq edən xadimənin cəzası azaldıldı

 08-05-2024

“Sədərək” ticarət mərkəzinin sahibi Yusif Qədimbəylinin oğlu Orxan Qədimbəylinin evindən 803 min manat oğurlamaqda təqsirli bilinərək 11 il müddətinə məhkum edilmiş xadimə Ruzan Cabbarovanın şikayətinə baxılıb.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçirilən iclasda tərəflərin çıxışları dinlənilib.

R.Cabbarova bu iş üzrə özünü qismən təqsirli bilir. Onun sözlərinə görə, oğurladıqlarının hamısını geri qaytarıb, zərərçəkmiş şəxslər isə qisas almaq məqsədilə dəymiş ziyanın məbləğini şişiriblər.  

Bakı Ağır Cinayətlər Məhkəməsindəki araşdırma zamanı müdafiə tərəfi dəfələrlə vəsatət qaldıraraq zərərçəkmişlər-Orxan Qədimbəyli və anası Fəridə Qədimbəylinin məhkəməyə çağırılmasını tələb edib. Onlar haqda məcburi gətirilmə qərarı çıxarılsa da, zərərçəkmişləri gətirmək mümkün olmayıb. 

Eyni vəsatət Bakı Apellyasiya Məhkəməsində də qaldırılıb. Lakin bu dəfə də Qədimbəylilər məhkəməyə gəlməyiblər.

R.Cabbarovanın vəkili müvəkkilinin Cinayət Məcəlləsinin 177.4-cü (oğurluq-xüsusilə külli miqdarda törədildikdə) maddəsindən 177.3.2-ci (oğurluq külli miqdarda törədildikdə) maddəsinə tövsif edilməsini, sanksiyanın aşağı həddində cəza təyin edilməsini xahiş edib.

Məhkəmə apellyasiya şikayətini qismən təmin edib. Qərara əsasən, R.Cabbarovanın cəzası 1 il azaldılıb.

 

Bənzər yazılar

0.059325933456421