Keçmiş polisin qətli: Qardaşlara hökm oxunub

 16-02-2024
Kütləvi dava zamanı 2 nəfərin qətlində təqsirləndirilən Rauf Hüseynov, Ceyhun İsayev və Ramin İsayevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
 
APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən iclasda hökm elan olunub.
 
Hökmə əsasən, təqsirləndirilən Rauf Hüseynov ömürlük, Ceyhun İsayev 20 il, Ramin İsayev isə 5 il müddətinə azadlıqdan məhrum edilib.
 
Qeyd edək ki, dövlət ittihamçısı təqsirləndirilən şəxslərdən Rauf Hüseynov və Ceyhun İsayevin ömürlük, Ramin İsayevin isə 5 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
 
Xatırladaq ki, hadisə keçən il fevralın 11-i Bakı şəhərinin Nizami rayonu ərazisində qeydə alınıb. Kütləvi dava zamanı İlkin Rzayev və Xəyal Rəhimov qətlə yetirilib.
 
Bununla bağlı Ceyhun İsayev, onun qardaşı Ramin İsayev və Rauf Hüseynov şübhəli şəxs qismində saxlanılıb.
 
Faktla bağlı R.Hüseynov və C.İsayevə qarşı Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 120.2.7-ci (qəsdən adam öldürmə, iki və daha artıq adamı öldürmə) və 221.3-cü (Xuliqanlıq), R.İsayevə isə Cinayət Məcəlləsinin və 221.3-cü ( silah qismində istifadə olunan əşyalardan istifadə etməklə xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb.
 
Qətlə yetirilən İlkin Rzayev keçmiş polis əməkdaşı olub.
 

Bənzər yazılar

0.17707395553589