Əsgər getməyibsə, vergi borcu varsa.. - Kimlər vətəndaşlıqdan çıxarılır?

 16-02-2024

“Azərbaycan Respublikasının vətəndaşlığından çıxmaq şəxsin vəsadəti əsasında həyata keçirilən prosesdir”. 

Bu sözləri “Yeni Sabah”a hüquqşünas Ramil Süleymanov bildirib. O, vətəndaşlıqdan çıxma haqqında bir sıra məqamları açıqlayıb:

“Əgər vətəndaşlıqdan çıxmaq istəyən şəxsin dövlət qarşısında öhdəlikləri icra edilməyibsə, məsələn, əsgərliyə getməyibsə, vergi yaxud kommunal borc üzrə öhdəliyi varsa, bu hallar vətəndaşlıqdan çıxma haqqında vəsadətin rəddinə səbəb ola bilər. Eyni zamanda şəxs əgər müttəhim olaraq cinayət məsuliyyətinə cəlb olunursa, barəsində icra olunmayan məhkəmə qərarı varsa, yaxud şəxsin vətəndaşlıqdan çıxması Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi mənafelərinə zidd sayılırsa, belə olan təqdirdə şəxsin sözügedən vəsadəti ləğv oluna bilər”. 

R.Süleymanov sözügedən məsələ barədə hansı qurumlara müraciət etmək lazım olduğunu da qeyd edib: 

“Vətəndaşlıqdan çıxmaq istəyən şəxs bununla bağlı iki quruma, Dövlət Miqrasiya Xidməti və ya Xarici İşlər Nazirliyi, o cümlədən mövcud olduğu ölkənin səfirliklərinə ərizə ilə müraciət edə bilər. Burada 60 dollar rüsum ödənilir, həmçinin, şəxsin vəsadəti ilə bağlı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyası qərar qəbul edir. Bununla bağlı həmin komissiyanın sorğuları müxtəlif dövlət qurumlarına göndərilə bilir. Hər sorğuya isə 1 ay müddətində, ümumilikdə isə, 6 ay ərzində bütün sorğulara baxılır və cavablandırılır. Dövlət qurumundan həmin sorğu ilə bağlı imtina verildiyi halda, şəxsin həmin cavabı aldığı andan 1 ay müddətində inzibati məhkəməyə müraciət etmək hüququ var. Bununla da, o, vətəndaşlıqdan çıxarılma öhdəliyinin müvafiq dövlət qurumunun üzərinə qoyulma haqda iddia ərizəsi ilə çıxış edə bilər”. 

 

Bənzər yazılar

0.16710114479065